Bu gün, yəni 1 iyul 1951 -ci ildə Kürdəmir rayonunun Qaramahmudlu kəndində dünyaya gələn Əlisəfa Azayev ədəbi yaradıcılığa ötən əsrin 70-ci illərində başlayıb. Onun “Yeddi il sonra”, “Çin qızıl gülü”, “Gözlənilməz hadisə”, “Sirli qətl”, “Amansız qatil”, “Qürbət ellərdə”, “Bayıl məhbusu”, “Sahildə qətl”, “Vahimə”, “Kürdəmir şəhidləri”, “Əsgər anası”, “Qatarda hadisə”, “İstintaq sirri”Və digər kitabları oxucular tərəfindən həmişə maraqla qarşılanıb.
Elə həmin marağın diqtəsi ilə istər mətbuatda, istərsə də yazıçı ilə keçirilən görüşlərdə çıxış edənlər onun hekayə və povestlərinin çoxunun macəra-detektiv janrında yazıldığını, əsərlərində boğazdan yuxarı pafosun olmadığını, millət və Vətən sevgisinin incə sözlərlə ifadə edildiyini, konfliktlərin əsasını ağır cinayətlərin açılması və həqiqətin üzə çıxması təşkil etdiyini bildiriblər.Bu isə onu göstərir ki, yazıçı-hüquqşünas Əlisəfa Azayev müraciət etdiyi mövzuları yaşadığı, şahidi və bəzən də iştirakçısı olduğu hadisələrdən götürür.Təbii ki, bu da oxucu üçün həm inandırıcı, həm də önəmlidi.
Yeri gəlmişkən qeyd etmək istərdim ki, bugünlərdə Əlisəfa Azayev öz oxucularına yeni kitabını ərmağan edib."Maarif" nəşriyyatında Vaqif Alıyevin redaktorluğu ilə çap olunmuş kitabın adı "Notariat Sirri"-dir. Bu kitabında da Əlisafa müəllim öz üslubuna və mövzu dairəsinə sadiq qalaraq bir sənətin özəlliklərini sərgiləyib. Düşünürəm ki, müəllifin bu povesti də öz oxucularını tezliklə tapacaq.
Əbülfət Mədətoğlu