EN

Rusiya nümayəndə heyəti ATƏT PA-da fəaliyyətini dayandıracaq

Rusiya

Bakı, 29 iyun, AZƏRTAC

Rusiya Federasiyası Federal Məclisinin palatalarının ATƏT-in Parlament Assambleyasında Rusiya nümayəndə heyətinin fəaliyyətinin dayandırılması ilə bağlı bəyanatının layihəsi Dövlət Dumasına təqdim edilib.

AZƏRTAC Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Dumanın Beynəlxalq əlaqələr komitəsinin rəhbəri, LDPR-in lideri Leonid Slutski məlumat verib.

“Rusiya Federasiyasının ATƏT PA-da nümayəndə heyətinin fəaliyyətinin dayandırılması ilə bağlı Federal Məclisin hər iki palatasının bəyanatının layihəsi Dövlət Dumasına təqdim edilib. Biz bunu iyulun 3-də keçiriləcək plenar iclasda Federasiya Şurası ilə sinxron şəkildə nəzərdən keçirməyi təklif edəcəyik”, -deyə deputat bildirib.

Slutskinin sözlərinə görə, ATƏT PA Avropa qitəsində bərabərlik və möhkəm təhlükəsizliyin təmin edilməsi məsələlərinin müzakirəsi platformasından ABŞ və NATO-nun anti-Rusiya gündəliyi üzərində işləyən rusofob siyasətçilərin ruporuna çevrilib. “Rusiya deputatları və senatorları Assambleyanın iclaslarında iştirak etmək üçün iştirakçı ölkələrin ərazisinə daxil olmaq hüququndan əsassız olaraq imtina edildikdən sonra dəfələrlə viza ayrı-seçkiliyinə məruz qalıblar. Bu, Böyük Britaniyada, Polşada və sonuncu dəfə Rumıniyada baş verib. Rusiya nümayəndə heyəti de-fakto səsvermə hüququndan məhrum edilib, biz ATƏT PA qərarlarının hazırlanmasında iştirak edə bilmirik. Biz də Assambleyanın iclaslarında dəfələrlə hücumlarla və açıq-aşkar kobudluqla üzləşmişik”.

Slutski belə bir şəraitdə dialoq imkanlarının tükəndiyini vurğulayıb. “Biz işimizin və ATƏT PA-nın üzvlük haqqının ödənişinin dayandırıldığını elan edirik. Bu müddət ərzində Assambleyanın reqlamentinə dəyişiklik edilməsi ilə bağlı Rusiya nümayəndə heyətinə zərər vurmaq məqsədi daşıyan istənilən hərəkət hüquqi baxımdan etibarsız sayılacaq”, -deyə o əlavə edib.

Dövlət Dumasının komitə rəhbərinin sözlərinə görə, ATƏT PA rəhbərliyinin rusofob kursuna yenidən baxılarsa və konstruktiv qarşılıqlı fəaliyyət iradəsi nümayiş etdirilərsə, Rusiya bu təşkilata qayıtmaq imkanını nəzərdən keçirmək hüququnu özündə saxlayır.

İyunun 19-da Federasiya Şurasının sədri Valentina Matviyenko Beynəlxalq əlaqələr komitəsinə iyulun 3-də keçiriləcək növbəti plenar iclasa Rusiya nümayəndə heyətinin ATƏT PA-nın işində iştirakının dayandırılması ilə bağlı palatanın qərar layihəsini hazırlamağı tapşırıb. O vurğulayıb ki, Assambleyanın işində iştirakın dayandırılması qərarı ilə eyni vaxtda Rusiya Federasiyasından ATƏT PA-ya ödənişlərin də kəsilməsi barədə qərar qəbul ediləcək.

Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsi sədrinin birinci müavini Vladimir Cabarov bildirib ki, Dövlət Duması ilə birgə Rusiyanın ATƏT PA-da fəaliyyətinin dayandırılması ilə bağlı analoji qərar aşağı palatanın plenar iclasında demək olar ki, eyni vaxtda qəbul ediləcək. Onun sözlərinə görə, bundan sonra bu məsələ ilə bağlı Federal Məclisin hər iki palatasının rəhbərlərinin imzası ilə ATƏT PA-nın sədrinə ümumi qərarın mətni göndəriləcək.

Eyni zamanda, Dövlət Dumasının plenar iclasında sədr müavini Pyotr Tolstoy parlamentin aşağı palatasına ATƏT PA-nın işində iştirakı və onun büdcəsinə bütün rüsumların ödənilməsini dayandırmağı təklif edib. Dövlət Dumasının sədri Vyaçeslav Volodin Dumanın Beynəlxalq əlaqələr komitəsinə müvafiq sənəd hazırlamağı tapşırıb.

Bu ərəfədə Rumıniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Radu Filip bildirib ki, onun ölkəsi Rusiya və Belarus nümayəndə heyətlərinin ATƏT Parlament Assambleyasının illik sessiyasında iştirakına icazə verməyəcək.

Assambleyanın 31-ci illik sessiyası iyunun 29-dan iyulun 3-dək Buxarestdə keçiriləcək. Volodin Rusiya nümayəndə heyətinə viza verilməsindən imtinanı həqiqətdən qorxmaqla əlaqələndirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
14
6
azertag.az

7Sources