EN

ADA Universitetində ingilis dili müəllimlərinin konfransı keçirilib

Bakı, 28 iyun, AZƏRTAC

İyunun 28-də ABŞ-ın ölkəmizdəki səfirliyinin, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, Təhsil İnstitutunun, ADA Universitetinin və Şimali Karolina Dövlət Universitetinin nümayəndələri orta məktəblərdə ingilis dilini tədris edən 400-dən çox azərbaycanlı müəllim üçün ikigünlük seminar və konfrans təşkil ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən ABŞ səfirliyinin missiya rəhbərinin müavini Huqo Qevara ADA Universitetinə Şimali Karolina Dövlət Universiteti ilə tərəfdaşlığa dəstək göstərdiyi üçün təşəkkür edib: “ABŞ səfirliyi üçün Azərbaycanda ingilis dili biliklərinin keyfiyyətinin artırılması əsas prioritetdir. İngilis dili bacarıqlarını təkmilləşdirməyə kömək etmək buradakı bir çox layihələrimiz üçün hərəkətverici qüvvədir”.

Konfrans Şimali Karolina Dövlət Universiteti tərəfindən idarə olunan və ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən 18 həftəlik onlayn magistr səviyyəsində ingilis dilinin tədrisi üzrə sertifikat proqramının kulminasiya nöqtəsidir.

Tədbirdə qeyd olunub ki, bu, proqramın dördüncü ilidir. Konfransda Azərbaycanın müxtəlif bölgələrindən, o cümlədən Gəncə, Mingəçevir, Yevlax, Sumqayıt, Bərdə, Gədəbəy, Şəmkir, Şəki, Zaqatala, Füzuli, Lənkəran, Astara, Masallı və Beyləqandan ingilis dili müəllimləri iştirak ediblər. Bu, iştirakçılar üçün pedaqoji qabaqcıl təcrübələri öyrənmək və həmkar pedaqoqların peşəkar şəbəkəsini qurmaq üsullarını inkişaf etdirmək imkanı yaradıb.

2020-ci ildə fəaliyyətə başladığı gündən magistr dərəcəsi səviyyəsində olan virtual təlim proqramını 350 azərbaycanlı ingilis dili müəllimi uğurla bitirib. Proqram hər il inkişafını davam etdirir, təsirini və əhatə dairəsini artırır.

ABŞ-ın Azərbaycandakı səfirliyi və Şimali Karolina Dövlət Universiteti Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun tərəfdaşlığı ilə bu uğurlu layihəni gələn il də davam etdirmək niyyətindədir. Tərəfdaşlıq Azərbaycanda ingilis dilinin tədrisində əhəmiyyətli irəliləyişlərlə nəticələnib və hər iki ölkəni bir-birinə daha da yaxınlaşdırıb, xalqlararası əlaqələri gücləndirib və eyni zamanda, Azərbaycanda təhsil vasitəsilə ingilis dilinin səviyyəsini artırmaq məqsədini dəstəkləyib. Bu və digər ABŞ səfirliyinin ingilis dilli proqramlarının bir neçə məzunu beynəlxalq konfranslarda, mübadilə proqramlarında və digər əhəmiyyətli istiqamətlərdə fərqləniblər.

Chosen
71
2
azertag.az

6Sources