İsrailin Müdafiə Naziri Yaov Qallant Amerika rəhbərliyini İsrailin Hizbullaha qarşı müharibəsinə razılıq almaq üçün hazırda Vaşinqtondadır. Amma onun Lloyd Ostin və Dövlət Katibi Entoni Blinkenlə apardığı görüşlərin nəticəsiz bitməsi ilə bağlı xəbərlər gəlməkdədir. Təbii ki, onlar İsraili Həmasla müharibədə sonaqədər dəstəkləyəcəklərinəŞ silah və hərbi sursatla təmin edəcəklərinə söz verirlər. Amma iran və Livana qarşı əməliyyatlarda iştirak etmək haqqında ABŞ-nin fikri birmənalıdır. O müharibənin genişlənərək bütün regiona yayılmasına qarşıdır və İsraili Livana hücumunun məhz regional müharibəyə çevriləcəyini proqnozlaşdıraraq İsraili bu addımı atmaqdan çəkinməyə çağırır.
ABŞ Hərbi Hava Qüvvələrinin generalı Braun elə İsrail müdafiə nazirinin ABŞ-a səfəri ilə əlaqədar bildirib ki, ABŞ İsrailin Livana nəzərdə tutduğu hücumu zamanı bu ilin əvvəlində İranın İsrailə raket və pilotsuz təyyarə hücumu həyata keçirərkən göstərdiyi yardımı göstərməyəcək. O, həmçinin bildirib ki, Hizbullahın sərhədi keçərək İsrailə atdığı daha qısa mənzilli raketləri ABŞ və müttəfiqlərinin əlində olan silahlarla dəf etmək olduqca çətindir.
ABŞ generalının dediklərində gizli bir məqam var ki, bu da Hizbullahın istifadə etdiyi çox ucuz başa gələn silahları ABŞ-ın arsenalındakı milyonlarla dollar dəyərində olan silahlarla vurulması qəbuledilməzdir.
General eyni zamanda ABŞ qüvvələrinin təhlükəsizliyinin prioritet olduğunu bildirib və fevral ayından bəri ABŞ-ın bölgədəki bazalarına heç bir hücumun həyata keçirilmədiyini xatırlayıb. Livana qarşı müharibə ABŞ-ın bütün regiondakı kontingentini ciddi təhlükəyə salır.
Braun sonda İsrail hökumətinə xəbərdarlıq edib: "Livanda hər hansı bir əməliyyatın təsirinin növbəti mərhələsini, bunun necə baş verə biləcəyini və baş verəcək müharibənin təkcə bölgəyə deyil, həm də bölgələrdəki qüvvələrimizə necə təsir edəcəyini düşünün".
Deməli, ABŞ İsrail dövləti və Yəhudi lobbisinin ciddi təzyiqinə baxmayaraq İsraili hazırda davam edən müharibənin daha da genişləndirilərək regional müharibəyə çevrilməsi deyil, onun qarşısının alınması barədə düşünməyə çağırır. Məhz buna görə də planlaşdırdığı müharibədə ondan kömək ummamaq barədə xəbərdarlıq edir.
İsrail bu dəfə də ABŞ-ı Livan vasitəsi ilə İrana qarşı müharibəyə təhrik edə bilməsə onun Tehranla genişhəcmli müharibə arzuları həyata keçməmiş qalacaq. Belə şans ona bir daha nəsib olacaqmı?
Əgər İsrail növbəti dəfə Vaşinqtonu eşitməyərək Livana qarşı müharibəyə başlasa və İranın bu müharibəyə müdaxiləsinə nail olsa ABŞ həqiqətənmi ona yardım etməyəcək?
Bu və bu tipli ritorik sualların cavabını müharibə başlamadan vermək olduqca çətindir. Müharibənin başlanması isə düşündüyümüzdən daha dəhşətli olacaq.
Əlimusa İbrahimov
Politoloq