Bakı, 24 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları ötən sutka ərzində 41 halda yanğına çıxış, 6 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçiriblər.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, nazirliyin qüvvələri ötən sutka ərzində 2-si azyaşlı olmaqla 7 nəfəri, o cümlədən qəza nəticəsində nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan 1 nəfəri xilas edib, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Həmçinin Bakı şəhərinin Sabunçu rayonu, Nardaran qəsəbəsində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 5 kilometr aralıda, nəzarətsiz ərazi) batan 1 nəfərin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.