Amerika Birləşmiş Ştatlarında (ABŞ) təşkil olunmuş futbol üzrə Amerika Kubokunda qrup mərhələsinin ilk turunun oyunları keçirilir.
Arena.az xəbər verir ki, bu gün daha iki oyun baş tutub.
Hər iki qarşılaşma C qrupunda qərarlaşmış komandaların iştirakı ilə gerçəkləşib.
Meydan sahibləri Boliviyanı iki cavabsız qolla üstələyib. 3-cü dəqiqədə Kristian Pulişiç, 43-cü dəqiqədə Folarin Baloqun fərqlənib.
Qrupun digər görüşündə Uruqvay Panamanı 3:1 hesabı ilə məğlub edib. Uruqvaylıların heyətində 16-cı dəqiqədə Maksimiliano Arauxo, 85-ci dəqiqədə Darvin Nunyes, 90+1-ci dəqiqədə Matias Vinya adını tabloya yazdırıb. Panamanın təsəlli qoluna 90+5-ci dəqiqədə Maykl Murilyo imza atıb. “Turan Tovuz”un panamalı legioneri Roderik Miller bu oyunda sonadək meydanda olub.
Sabah sonuncu – D qrupunda da mübarizəyə start veriləcək. Kolumbiya yığması Paraqvayı, Braziliya millisi isə Kosta Rikanı sınağa çəkəcək. Bu oyunlara müvafiq olaraq Bakı vaxtı ilə saat 02:00-da və 05:00-da start veriləcək.
Qeyd edək ki, Amerika Kubokunda iyulun 14-də başa çatacaq.
Amerika Kuboku
C qrupu
24 iyun
ABŞ – Boliviya 2:0
Qollar: Kristian Pulişiç, 3. Folarin Baloqun, 43.
Uruqvay – Panama 3:1
Qollar: Maksimiliano Arauxo, 16. Darvin Nunyes, 85. Matias Vinya, 90+1 – Maykl Murilyo, 90+5.