EN

Ərdoğanla Paşinyan razılaşıb

Ermənistan parlamentində “Ermənistan Respublikasının Avropa İttifaqına üzvlüyü ilə bağlı ərizə verilməsi məsələsinə dair referendumun keçirilməsi təklifi” mövzusunda dinləmələr baş tutub.

Respublika Naminə Partiyasından deputat Arman babacanyan Milli Məclisin tribunasından Avropa İttifaqının bayrağını asıb.

Qeyd edək ki, Ermənistanın Avropa İttifaqına üzvlüyü statusu qazanması kifayət qədər asan deyil. Yəni Avropaya inteqrasiya kursuna dair maddənin Gürcüstan, Ukrayna və Moldovada olduğu kimi Konstitusiyaya salınması Ermənistanın tezliklə namizəd ölkə olacağı anlamına gəlmir.

Çünki Ermənistan bu quruma namizəd olmaq üçün ayrıca siyasi, hüquqi, iqtisadi islahatlar paketini yerinə yetirməlidir. Yalnız bu öhdəliklərin icrasının Avropa Şurası və Avropa Komissiyasının montorinq qrupları tərəfindən  qiymətləndirilməsindən sonra namizədlik statusu məsələsinə baxıla bilər. 

Lakin Ermənistan Avropa İttifaqına üzvlük statusu qazanmaq üçün ilk növbədə, Rusiya ilə müttəfiqlik fəaliyyətinə son qoymalıdır. Gürcüstan, Ukrayna və Moldovadan fərqli olaraq, Ermənistan Rusiyanın liderlik etdiyi regional təşkilatların üzvüdür. Yəni Ermənistan Avropa İttifaqına namizəd olmaq üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Avrasiya İqtisadi Birliyindən çıxmalıdır. 

Bundan sonra Ermənistan Rusiya ilə hərbi müttəfiqliyinə son qoymalıdır. Ermənistan ya neytral dövlət statusu qazanmalı, ya da Avroatlantik məkana inteqrasiya ilə bağlı Konstitusiyaya xüsusi maddə daxil edilməlidir.

Ona görə də hazırkı şəraitdə Ermənistan parlamentinin belə bir müzakirələr aparması daha çox Qərbdən siyasi, təhlükəsizlik və maliyyə dəstəyinin alınmasına hesablanıb. Digər ehtimala görə, Nikol Paşinyan hakimiyyəti Ermənistanda Konstitusiya referendumunun keçirilməsinə hazırlaşsa da, əsas məqsəd Avropa İttifaqına üzvlüklə bağlı ərizə verilməsi məsələsi deyil.

Sadəcə olaraq, Ermənistan hakimiyyəti ölkədə siyasi gərginliyin artması fonunda konstitusiya islahatının özünün əleyhinə çevrilməsindən ehtiyat edir. Çünki revanşist müxalifət Nikol Paşinyanı Azərbaycanın və Türkiyənin təzyiqi ilə konstitusiyanı dəyişməkdə ittiham edir. 

Xarici işlər naziri Ararat Mirzoyanın konstutusiya referendumunun Ermənistanın daxili işi olduğunu deməsi də çox güman ki, ictimai rəyə hesablanmış açıqlama idi. Bu günlərdə Baş nazir Paşinyanın Zəngəzura səfəri zamanı Azərbaycanla sərhədin növbəti delimitasiyası prosesinin başlaması və bu məqsədlə referendum keçiriləcəyini demişdi. 

Paşinyanın Zəngəzurdan qayıtdıqdan sonra hökumət üzvlərinin qapalı iclasını keçirib. Bir gün sonra Ermənistanın Avropa İttifaqına üzvlüyü ilə bağlı ərizə verilməsi məsələsinə dair referendumun keçirilməsi təklifi barədə parlamentdə dinləmələrin baş tutması yaxın perspektivdə konstitusiya islahatının olacağını deməyə əsas verir. 

Amma ümumxalq səsverməsinin Ermənistanda dolaşan siyasi şayiələrdə deyildiyi kimi, dörd kəndin Azərbaycana qaytarılması ilə bağlı deyil. Çünki işğal altındakı Kərki, Yuxarı Əskipara, Sofulu və Barxudarlı kəndləri Azərbaycanın suveren əraziləridir və Ermənistana məxsus deyil. Ona görə də həmin yaşayış məntəqələri qeyd-şərtsiz Azərbaycana geri qaytarılmalıdır.

Ancaq Azərbaycanla sülh sazişinə və Türkiyə ilə münasibətlərin normallaşmasına mane olan müddəlar Ermənistan Konstitusiyasının mətnindən çıxarılmayana qədər bölgədə sabitlik mümkün olmayacaq. Yəni Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddilarına xitam verilməlidir. Həmçinin, Ermənistan Konstitusiyasının 21-ci maddəsinə dəyişiklik edilməli və dövlət gerbinin təsvirindən Ağrı dağının şəkli çıxarılmalıdır.

Türkiyə Ermənistan Konstitusiyasından “erməni soyqırımı” ifadəsinin çıxarılmasını sərhədlərin açılması üçün əsas şərtlərdən biri kimi irəli sürür. Nikol Paşinyanın iyunun 19-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında tərəflər ilkin şərt olmadan münasibətləri normallaşdırmaq barədə razılığa gəlib.

Bu, əslində Türkiyənin öz şərtlərindən geri çəkilməsi anlamına gəlmir. Ermənistan parlamentinin apardığı müzakirələr referendum mövzusunda Paşinyanla Ərdoğan arasında razılıq əldə olunduğunu deməyə əsas verir. 

Qeyd edək ki, Ermənistanda referendumun keçirilməsi qaydaları Konstitusiyanın 25, 206 və 207-ci maddələri ilə müəyyən edilir. Referendumun keçirilməsi haqqında parlamentin əksəriyyətinin və ya Konstitusiya Məhkəməsinin müraciətindən sonar Prezident tərəfindən ümumxalq səsverməsinin vaxtı təyin edilir. 

Azərbaycanla delimitasiya və demarkasiya prosesi çərçivəsində Ermənistanın Sovet dövründə anklav ərazisi olmuş Gədəbəy rayonunun Başkənd kəndinə iddiasından imtina edə bilər. Delimitasiya prosesi Sovet dövrü xəritələri əsasında aparıldığı üçün xəritədə dəyişiklik edilməli olacaq. İkinci ehtimal Azərbaycan-Ermənistan sərhədinin müxtəlif hissələrində ayrı-ayrı dövrlərə aid xəritələrin tətbiq ediləcəyi ilə bağlıdır. 

Çünki Hazırda Azərbaycanla Ermənistan arasında Sovet dövründə mövcud olmuş 1007 kilometrlik inzibati sərhədin 994,3 km. hissəsi müəyyən edilməyib. Bu halda Ermənistan Azərbaycan SSR-dən vaxtilə qanunsuz olaraq aldığı torpaqların bir hissəsini geri qaytarmalı olacaq. Üçüncüsü, Ermənistan öz ərazisindən anklav Azərbaycana kəndlərinə gediş-gəlişi təmin etmək üçün dəhliz verə bilər. 

Eyni zamanda, Türkiyəyə olan ərazi iddiaları və dövlət gerbinin təsvirinin dəyişdirilməsi üçün də referendum qaçılmaz olacaq. Ona görə də Ermənistan  delimitasiya prosesini və sülh müqaviləsinin imzalanmasını sürətləndirmək üçün yeni konstitusiya qəbul edə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
39
50
cebheinfo.az

10Sources