EN

Uşaq və gənclərin inkişafında valideynin rolu önəmli faktordur

Bu gün gündəlik həyatımızda texnoloji vasitələrin əvəzolunmaz rolunu inkar etmək olmaz. Demək olar ki, günümüzün böyük bir hissəsini mobil telefon, planşet, kompüter və internet resursları ilə keçirməli oluruq. Çox təəssüflər ki, bu hal böyüklərlə yanaşı, uşaqların da həyatında rol oynamaqdadır. Və müasir dövrün ən böyük bəlalarından biri də məhz uşaqların, hətta təəssüflər ki, körpələrin belə telefon asılılığıdır. Dəfələrlə şahidi olduğumuz bu məqam əslində normal hal deyil. Kiçik yaşlı uşaqların əllərində telefon, planşet ya oyun oynaması, ya da internetə daxil olub onlara aid olmayan görüntüləri izləməsi tərbiyələrində belə öz təsirini göstərir. Görünən tərəf odur ki, uşaqlar izlədikləri xarakterləri öz üzərlərində tətbiq edir, özləri deyil, onlar kimi olmağa meyllənirlər. Bu isə bəzən acınacaqlı vəziyyət yaradır. Uşaqlar öz əşyaları ilə ünsiyyətdən yayınır, real aləmdən ayrılıb aid olmadıqları bir aləmə düşürlər. Burada təbii ki, ilk növbədə valideyn məsuliyyət daşıyır. Lakin bunu aradan qaldırmaq da günümüzdə mümkün olacaq bir məsələ deyil. Çünki uşaqlarda bu asılılığı, ilk növbədə, valideyn yaradır. Bəzən öz sakitliyini təmin etmək və ya uşağın yeməyini yedirtmək üçün əlinə mobil telefon verir. İlk vaxtlar cizgi filmi ilə başlayan seyr etmələr, bir qədər böyüdükdən sonra artıq uşağın sosial şəbəkə fenomeninə çevrilməsinə qədər gətirib çıxarır. Tərbiyədə bu boşluğu necə aradan qaldırmaq olar? Görəsən valideynin bu məsələdə məsuliyyəti nədən ibarət olmalıdır?

Sosioloq Lalə Mehralının sözlərinə görə, əslində uşaqlarda bunu bir növ məhdudlaşdırmaq olar, amma tamamilə məhrum etmək olmur. Çünki uşaqların dərsi də bəzən telefonla həll edilir:

“Müəllim tapşırıqları telefona göndərir. Əvvəlki kimi kağızda test tapşırığı yox, telefonda PDF variantda göndərir. Ev tapşırığını əvvəlki kimi gündəliklərə yazdırmırlar, müəllimlər vatsap qruplarına göndərirlər. Yəni artıq bu cür variantlarla uşaqlar üçün telefon bir növ adiləşir. Xüsusilə pandemiyadan sonra meyllənmə daha çox yaranıb. Çünki onlayn dərs rejimi uşaqları bu sistemdən bir növ asılı vəziyyətə salıb. Amma buna baxmayaraq, müəyyən qədər məhdudlaşdırma mümkün ola bilər”.

Sosioloq məhdudlaşdırmanın düzgün şəkildə aparılmasını vacib sayır. Lalə xanım hesab edir ki, belə olduğu halda hardasa istənilən nəticə əldə etmək mümkündür. Lakin əks halda biz müsbət heç nə əldə edə bilmərik. Sosioloqun fikrincə, bu gün əsas bəlalardan biri də uşaqların sosial şəbəkə istifadəçisinə çevrilmələridir:

“Uşaqların istifadəsinə smartfon vermək doğru deyil. Onlar dərs üçün valideynin telefonundan istifadə edə bilər. Çünki sərbəst smartfonu və sərbəst internetə çıxışı olan uşaqlara nəzarət mümkün deyil. Uşaqları internetdən müəyyən yaşa qədər qorumaq lazımdır. Çünki nəticəsini biz görürük. 7-8 yaşlı uşaqların smartfonu var və TikTok videosu çəkib paylaşırlar. İnstagramda rahat vaxt keçirə bilirlər. Ona görə elə hesab edirəm ki, 14 -15 yaşa qədər smartfona azad çıxışını məhdudlaşdırmaq lazımdır. Bəzən valideyn məcburiyyət qarşısında qalır. Onu anlamaq olar. Dərs tapşırıqları bu gün internet üzərindən göndərilir. Amma bəzən belə deyil. Valideyn könüllü şəkildə özü daha rahat gün keçirmək üçün uşaqların başını qatmaq məqsədilə telefonu övladına verə bilir. Baxırsan ki, valideyn canlı yayım açıb, başı öz telefonuna qarışıb. Övladı evdə nə oyundan çıxır, valideynin bundan xəbəri yoxdur. Nə oyun oynayır, hansı tətbiqlərə girir, buna da nəzarət olunmur. 7-8 yaşlı qız TikTok-da canlı yayımda olur. O uşaqların canlı yayımına kimlər baxır, kimlər ona mesaj yazır, kimlər onu toruna salır? Çox təəssüf ki, valideyn bu məsuliyyəti dərk eləmir”.

Lalə xanımın sözlərinə görə, əslində valideyn olmağın özü də məsuliyyəti dərk eləmək demək deyil. Sosioloq hər valideynin məsuliyyətini başa düşmədiyinə təəssüfləndiyini bildirdi. Nəticə etibarı ilə, mənfi tendensiya ilə üzləşdiyimizi qeyd etdi. Bu problemin həllində nəzarət mexanizminin tətbiqinin vacib şərtlərdən olduğunu vurğuladı:

“Ona görə də evdən qaçan, intihara meylli uşaqlarımızın sayı artır. Ümumilikdə nəzarət mexanizmi təbii ki, əsas şərtdir. Amma demokratik ölkədə nəzarət mexanizmini qurmaq da bir az çətindir. Çünki xırda bir etirazda, iradda valideyn öz hüquqlarını önə çəkir. Etiraz edir ki, mənim hüquqlarım budur, uşağıma nəzarəti özüm həyata keçirirəm. Kənardan kiminsə mənim uşağıma hər hansı bir məhdudiyyət qoymaq ixtiyarı yoxdur. Ümumi bir nəzarət mexanizmi şərtdir ki, o uşaqlar bir az güvəndə olsun. Təəssüf ki, biz valideyninin yanında olan hər uşağın güvəndə olduğunu deyə bilmirik”.

Psixoloq Ülviyyə Murtuzovanın fikrincə, müəyyən yaş dönəmindən sonra bu asılılıqdan qurtulmaq mümükün deyil:

“İllərə mobil telefondan bağlı olan bir insana qadağa qoymaq mümkün deyil. Geri dönüş də artıq olmur. Çünki beyinlərində fokuslanmış və kodlanmış gedişatlar var ki, onları qəfildən almaqla və onlara qəti qadağa qoyub qırmızı xətlər yaradıb çərçivəyə salmaqla heç bir formada bunun həyata keçirilməsi mümkün deyil. Sadəcə zamanında müəyyən yaş mərhələlərində evdə ona limitlər qoymaqla və həftənin son günlərini və ya müəyyən iki-üç günlərini deməklə, eyni zamanda saat ayarlarına bölməklə bunu etmək lazım idi. Və buna müəyyən nizama düzülüş deyirlər. Valideyn məhz bu formada həyata keçirməlidir. Amma bütün günü 24 saat ərzində mobil telefondan asılı qalan bir uşağı valideyn qəfildən ayırırsa və sənə qadağa qoyuram deyirsə, bu heç də yaxşı nəticə vermir. Bu artıq uşaqda özünü bütün sosiallaşmadan təcrid etməyə, cəmiyyətdən uzaqqlaşmağa və sonda özü-özünə yadlaşmağa gətirib çıxarır. İkinci ən böyük göstərici aqressiya yaranır. Üçüncüsü, valideynlərdən qisas və intiqam hissinin alınması dayanır. Çünki onlara qarşı kin yaranır. Valideynin gözünü qorxudub onlar üzərində avtoritar rejim yaranır. Yəni siz bunu mənə verməsəniz, ac qalacam, yemək yeməyəcəm, sizin dediklərinizi etməyəcəm, dərs oxumayacam, məktəbə getməyəcəm və yaxud da sonunda hətta isterikaya düşüb özümə intihar edəcəm deyən övladlar belə var”.

Psixoloq bu vəziyyətin çıxış yolu olmadığını diqqətə çatdırdı. Qeyd etdi ki, bu asılılığı tədricən başa salaraq sakit formada aradan qaldırmaq lazımdır:

“Sadəcə anlayışlı uşaqların əgər qavrama dərəcəsi yüksəkdirsə, onlara danışaraq başa salmaq lazımdır. Bu səni nədənsə yayındırır, inkişafına o qədər də təsir göstərmir deyərək mülayim formada razılaşdırmalıdır. Anlaşma nəticəsində təcrid edib, zamanla kənarlaşdırmaq mümkün olar. Qavrayan uşaqlara bu cür etmək lazımdır. Qavramayanlara etməyimiz isə artıq özümüzə qarşı ikinci və üçüncü problemlərin çıxışıdır. Çox təəssüflər ki, üç yaşından başlayan körpələrdə əllərində mobil telefon görürük. Valideynlər təki uşaq sakit qalsın, mənə narahatçılıq verməsin, mənimlə oyun oynamaq, söhbət etmək kimi istəklərdə bulunmasın deyə onları susdurmaq üçün əllərinə mobil telefon verirlər. Amma anlamırıq ki, gələcəkdə bu faciələrə aparır. Valideyn bunu kiçik yaşdan nizamlamağa başlamalıdır”.

Psixoloq Vüsalə Əmiraslanova deyir ki, uşaqların kiçik yaşdan telefona meyilli olmalarında məsuliyyəti təbii ki, valideyn daşıyır:

“Valideynlər çox vaxt kiçik yaşlarından hətta bir yaşı olmayan uşaqlara da telefon verirlər ki, səs salmasınlar. Hər hansı bir qonaqlığa gediblərsə, uşaq sakit dayansın, yemək yemək istəmirsə, yesin və yaxud ev işlərini çatdıra bilsin. Əlbəttə ki, bu da uşaqlarda yanlış vərdişə gətirib çıxarır və sonucda uşaqlar buna aludə olur. Ümumiyyətlə, altı ayına qədər uşaq telefon görməməlidir. Yəni uşağın yanında telefona baxılmamalıdır. Üç yaşına qədər yarım saatlıq verilə bilər, o da vaxtı çatdıqda artıq uşaqdan alınmalıdır. Bu da bir vərdiş halına gətirilməlidir. Altı yaşdan 12 yaşa qədər uşaqlar gün ərzində bir saata qədər telefona baxa bilər. Amma 12 yaşından sonra artıq uzunmüddətli telefona baxa bilərlər. Amma təbii ki, bunların hamısı valideyn nəzarəti altında olmalıdır. Bəzən uşaqlar söz verirlər ki, telefondan az istifadə edəcəklər. Amma təəssüflər olsun ki, iradəsiz olurlar və özləri də bununla bacarmırlar”.

Vüsalə xanım uşaqlar arasında maarifləndirmə işinin aparılmasını mütləq hesab edir:

“Uşaqlar telefonun hansı fəsadları  olduğunu anlamalıdırlar. Bu çox sakit halda uşağa başa salınmalıdır. Oyun oynadığı zaman aqressiv şəkildə əlindən alınmamalıdır. Ümumiyyətlə, kiçik yaşlı uşaqlarda oyun daha vacibdir. Uşağın valideynlə oyun oynaması, ümumiyyətlə, övladına vaxt ayırması çox önəmlidir. Yox, əgər valideyn özü telefondan asılı olarsa, o zaman uşaqda da buna maraq daha çox olacaq.  Yəni bu məsələdə valideynin rolu önəmli faktordur”.

Elnurə İSAXAN

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı



Chosen
84
8
herbiand.az

7Sources