EN

Fernandu Santuşun "qaranlıq" müqaviləsi.... Portuqaliyalı karyerasında maliyyə qalmaqalı yaşayıb

AFFA portuqaliyalı Fernandu Santuşla uzunmüddətli müqavilə imzalayıb. Onun qarşısına Avropa Çempionatının seçmə mərhələsində uğurla çıxış etmək vəzifəsi qoyulub. Yəni qarşıdakı Dünya Çempionatına vəsiqə tələbi yoxdur. Yəqin ki, Santuşun milli komandanı qitə birinciliyinin növbəti final mərhələsinə çıxarmasını istəyirlər. Çünki bu dəfə Gürcüstan vəzifənin öhdəsindən gəlib və iyunun 18-da Türkiyəyə qarşı tarixi oyuna çıxacaq. Bizimyol.info xəbər verir ki, AFFA Fernandu Santuş ilə müqavilənin detallarını açıqlamaq istəmir. Portuqaliyalı mütəxəssisin ayda və ya ildə nə qədər qazanacağını bilmirik. AFFA, adətən, əcnəbilərə illik 1-1,5 milyon avro civarında məvacib ödəyir. Ola bilər ki, Santuşa daha böyük məbləğ vəd olunub və assosiasiya ictimaiyyətin qəzəbindən çəkinir. Çünki portuqaliyalı son illər karyera enişi yaşayır. Onun Polşa milli komandası və “Beşiktaş”da işi fiasko olmuşdu. Fernandu Santuş polşalılara 6 oyundan sonra lazım olmamışdı. Çünki həmin qarşılaşmalarda 3 məğlubiyyət qeydə alınmışdı. “Beşiktaş”dakı 16 oyunda isə cəmi 7 qələbə qazanılmışdı. Qarşısına böyük məqsədlər qoyan İstanbul klubu belə nəticə ilə razılaşa bilməzdi. AFFA-nın müqavilənin detallarını gizlətməsi heç yaxşı hal deyil. Sanki gizlədiləsi məsələlər var. Xüsusilə Azərbaycan təcrübəsindən bilirik ki, məşqçi və ya futbolçu ilə razılığa gələrək, ona heç də müqavilədə göstərilən vəsaitin hamısını ödəmirlər. Yəni deyirlər, müqavilə imzalayırıq, o şərtlə ki, vəsaitin bir hissəsi bizə çatacaq. AFFA-nın qaranlıq iş tutması çox şübhəli görünür. Yaxşı nəticə istəyiriksə, iş əvvəldən şəffaf aparılmalıdır. Tərslikdən Fernandu Santuşun karyerasının çox da uzaq olmayan illərində maliyyə qalmaqalı yaşanıb. O, vergidən yayınmada ittiham olunub və təqsiri sübuta yetirilib. İstintaq üzə çıxarmışdı ki, məşqçi 2014-cü ildə Portuqaliya milli komandasında işləyəndə “Femacosa” adlı qurama şirkət yaradıb və beləcə az vergi ödəməyə çalışıb. Bu yolla 4,5 milyon avroya qənaət edilib. İşdə Fernandunun həyat yoldaşı Gilyerminanın da adı hallanırdı. Çünki qurama şirkətin işlərində onun da rolu olmuşdu. Ər-arvad Portuqaliyada həmin məbləği ödəməyə məcbur edilmişdi. Fernandu Santuş karyerası ərzində ən çox Portuqaliya milli komandasına rəhbərlik etməklə Avropa çempionluğu ilə öyünürdüsə, həm də o dövrdəki maliyyə dələduzluğu yaddaşlarda qalmışdı. Fernandu Santuşun Azərbaycan milli komandasına məhz böyük pul qazanmaq imkanı kimi baxması şübhəsizdir. Portuqaliyalı həm də belə hərisliyi ilə tanınır. “Beşiktaş”da 3 aylıq işinə görə 480 min avro almış, sonradan təzminat kimi klubdan 500 min avro da qoparmışdı. Onun işə belə yanaşma ilə Azərbaycan milli komandasında necə uğur qazana biləcəyini təsəvvür etmək olmur. Aytən, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
54
1
bizimyol.info

2Sources