EN

Rusiya Ermənistanın KTMT-dən çıxmasının qarşısını daha ala bilməz...Qatar getdi

Image

Elxan Şıxəliyev: “Rusiya qalib tərəf olsa:  ya masada, ya sahədə, fərqi yoxdur, Ermənistan 180 dərəcə geri dönüş edəcək”

Nikol Paşinyan parlamentdə Ermənistanın KTMT-dən çıxacağına və bir daha təşkilata qayıtmayacağına eyham vurub. Bu barədə baş nazir parlamentdə çıxışı zamanı danışıb.

O, ad çəkmədən bəyan edib ki, Ermənistanın keçmiş hakimiyyəti “köpük ittifaqına” girib, sonra isə o "ittifaqın" Ermənistanı müdafiə etmədiyi üzə çıxıb.

Paşinyan zalda oturanların iradlarına da belə cavab verib: “Çıxacağıq və bir də geri qayıtmayacağıq".

Bu açıqlamanın geniş rezonans doğurduğunu görən Ermənistan rəsmiləri Paşinyanın dediklərini “malalamağa” çalışıblar. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə keçirilən iclasda bildirib ki, Nikol Paşinyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağını bəyan etməyib.

A.Mirzoyanın sözlərinə görə, N.Paşinyan deyib ki, təşkilatdan nə vaxt çıxacağına Ermənistan hakimiyyəti özü qərar verəcək:

“İclas qeydə alınır, kimin nə dediyini yoxlamaq olar. Ermənistanın baş naziri demədi ki, biz KTMT-dən çıxırıq, o bildirdi ki, nə vaxt çıxacağımıza qərar verəcəyik, amma geri dönməyəcəyik".

Əslində elə Simonyanın da açıqlamasından bu qənaət hasil olur ki, Ermənistam KTMT ilə tam vidalaşmağa hazırdır. 

Maraqlıdır ki, Paşinyan bu açıqlamanı ABŞ-ın yüksək rəsmisi O`Brayenlə görüşündən dərhal sonra verib. Belə bir addımın atılması Ermənistana nələri vəd edir?

Hərbi - siyasi şərhçi Elxan Şıxəliyev “Bakı-Xəbər“ -ə   açıqlamasında bildirdi ki, Ermənistanın Rusiyaya qarşı demarşı Rusiya-Ukrayna müharibəsinin başlanması ilə yarandı: “Ehtimallar ona hesablanmışdı ki, Rusiya Ukrayna ilə müharibə nəticəsində strateji məğlubiyyətə uğradılacaq. O zaman Rusiya da Ermənistandan 102 - ci bazanı, federal sərhəd xidmətini çıxarmaq məcburiyyətində qalacaq. Ermənilər o zaman bundan bir az həvəsləndilər. Məsələ ondadır ki, üç ilə yaxın müharibə davam etdiyinə görə o təxminlər tam öz əksini tapmayıb. Nə qədər qəribə səslənsə də, biz KTMT - çıxmırıq, 102 - ci bazanı çıxardırıq demirlər. Bir görüntü yaradırlar, ancaq bilirlər ki, Rusiyanı qıcıqlandıracaq addımlara təhrik etməməlidirlər. Əslində Avroatlantik məkan, NATO ilə inteqrasiya etməyə meylli olduqlarının mesajını verirlər. Amma NATO, ABŞ və Avroatlantik məkanda öhdəliklərin yerinə yetirilməsi çox ağır olduğu üçün, qısa zamanda baş verə biləcək bir məsələ deyil. Düşünürəm ki, Ermənistanın, ABŞ - ın istəkləri Rusiya-Ukrayna müharibəsinin nəticələri üzərindən bilinəcək. Yəni bu dediyimiz Ermənistanı dəstəkləyən qərargahların, beyin mərkəzlərinin düşündüyü kimi hesabları tutsa, Rusiya Ukrayna ilə müharibə sonunda strateji məğlubiyyətə uğrasa, Ermənistanın, ABŞ - ın planları baş tutacaq. Əks təqdirdə - Ukrayna-Rusiya müharibəsinin nəticəsində Rusiya qalib tərəf olsa:  ya masada, ya sahədə fərqi yoxdur, Ermənistan 180 dərəcə geri dönüş edəcək. Ona görə də Ermənistan da, ABŞ da hələ məsafəyə, zamana görə oynayır. Ermənistan da fərqindədir ki, sərt bəyanatlar versə, Rusiyanın ata biləcəyi addımları praqnozlaşdıra bilmir.  Bunun üçün  də zamana oynamağı  daha uyğun görür. Hər iki tərəfin bunun üzərinə planları var, amma bu planların hansı nəticəyə gətirəcəyini biz zamanla görəcəyik”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
65
50
baki-xeber.com

10Sources