EN

"Bakı Fond Birjası"nın dövriyyəsi 2 dəfədən çox artıb

2024-cü ilin yanvar-mayında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 14 milyard 686,649 milyon manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.  Bu barədə BFB  məlumat yayıb.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 31 % artaraq 5 833 olub.

BFB-nin dövriyyəsinin 22,15 %-i, yaxud 3 milyard 253,16 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 31,3 % çoxdur.
Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 50,6 % artaraq 846,638 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 3,2 dəfə artaraq 10 milyard 586,852 milyon manat olub.
 
2022-ci ildə "Bakı Fond Birjası" QSC-də (BFB) səhm və istiqrazlarla bağlı 45 yerləşdirmə olub.

Azərbaycanda fəaliyyət göstərən əsas fond birjası olan "Bakı Fond Birjası" Qapalı səhmdar cəmiyyəti formasında yaradılmış kommersiya təşkilatıdır.
 
BFB 1997-ci ildə təsis edilib və yaradılmasında əsas məqsəd ölkədə mütəşəkkil fond bazarının formalaşdırılmasıdır. 

Azərbaycanda qiymətli kağızlarla mütəşəkkil ticarətin yeganə təşkilatçısı qismində çıxış edən  "Bakı Fond Birjası" QSC-nin yerli banklar, brokerlər və İstanbul Fond Birjası (Borsa Istanbul) da daxil olmaqla 20 səhmdarı mövcuddur. Birjanın fəaliyyəti Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tənzimlənir. Birjada səhm və istiqraz kimi korporativ qiymətli kağızların, Maliyyə Nazirliyinin istiqrazları, Mərkəzi Bankın notları kimi dövlətin borc kağızlarının ticarəti və REPO əməliyyatları həyata keçirilir.
 
Aytac Zeynalova
 


www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
53
50
anews.az

10Sources