EN

Avropanın enerji ARZUSU – Azərbaycan Ukrayna üzərindən köhnə qitəyə qaz nəql edəcək?

“Bloomberg” nəşrinin məlumatına görə, Avropa Azərbaycan qazını Ukrayna ərazisindəki Rusiya qaz kəmərləri ilə nəql etmək istəyir.

Belə ki, Avropa İttifaqı və Avropa hökumətlərinin rəsmiləri Rusiya qazının Ukrayna vasitəsilə icma ölkələrinə tranzitinə dair sazişin müddətinin 2025-ci ilə qədər uzadılması üçün Kiyev tərəfi ilə danışıqlar aparır.
 

MÖVZU İLƏ BAĞLI:

Yaşıl enerji sahəsində YENİ ERA – “Noyabrda daha böyük nailiyyətlərə imza atacağıq”


Qeyd olunub ki, hazırda müzakirə olunan variantlardan biri də Avropanın Azərbaycandan qaz alması və onun Ukrayna ərazisindən keçən Rusiya qaz kəmərləri ilə nəqlidir.

Ukraynanın "Naftoqaz” şirkətinin baş icraçı direktoru Aleksey Çernışovun agentliyə verdiyi məlumata görə, Kiyev Bakıdan qaz almaq təşəbbüsünü müsbət qiymətləndirir və ölkədə yerləşən infrastrukturdan istifadəni davam etdirmək niyyətindədir.

Azərbaycan qazının Ukrayna ərazisindəki Rusiya qaz kəmərləri ilə nəqli mümkündürmü? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən neft-qaz məsələləri üzrə ekspert İlham Şabanın fikrincə, belə bir layihənin gerçəkləşməsində texniki baxımdan problem yoxdur, lakin onun kommersiya baxımından cəlbediciliyi də nəzərə alınmalıdır:

“Bu prinsipcə mümkündür. Azərbaycan ilə Rusiya arasında 1981-ci ildə tikilən Mozdok-Hacıqabul qaz kəməri infrastrukturu mövcuddur. Hansı ki, Azərbaycan 2001-ci ilin oktyabrından Rusiya qazını həmin kəmərlə idxal etməyə başladıq. Həmin yolla keçən il Azərbaycan Rusiyaya 356 milyon kubmetr qaz verib. Yəni Azərbaycan qazı Rusiyaya verir, o da Ukraynanın qaz infrastrukturu ilə onu Avropaya ötürür. 

Hazırda Rusiya Ukrayna üzərindən 15 milyard kubmetr qazı Avropanın 3 ölkəsinə-Slovakiya, Macarıstan və Avstriyaya ötürür. Azərbaycanın Avropada satdığı qazın həcmi isə keçən il 11,8 milyard kubmetr olub. Belədə isə Ukrayna üzərindən Rusiyanın göndərdiyi marşurut üzrə həcmi Azərbaycan tam əvəzləyə bilməz. Çünki Azərbaycanla Rusiya arasında olan infrastruktur ondan 3 dəfə azdır. 

Yəni ölkəmizi Rusiya ilə birləşdirən qaz kəmərinin gücü cəmi 5 milyard kubmetri nəql etməyə yetərlidir. 

İkincisi, Azərbaycan Macarıstana Bolqarıstan və Rumıniya üzərindən qaz ötürür. Artıq bu ölkə Azərbaycandan 50 milyard kubmetr qaz alıb. Amma bir də var qazı Rusiya və Ukrayna üzərindən göndərmək”. 

Həmsöhbətimiz qeyd edir ki, Azərbaycan qazının Ukrayna ərazisindəki Rusiya qaz kəməri ilə Avropaya nəqlində texniki baxımdan problem yoxdur, lakin onun kommersiya baxımından cəlbediciliyi də nəzərə alınmalıdır: 

“Belə ideyanın ortaya çıxması həm də Avropanın Azərbaycana olan marağının nə dərəcədə yüksək olduğuna dəlalət edir. İndiyə kimi, ölkəmizin Avropanın enerji təhlükəsizliyində iştirakı və özünü ciddi oyunçu kimi göstərməsi Avropanın müəyyən dairələrində Azərbaycana marağın artmasını da gündəmə gətirib”.

Rüfət Sultan, Bizim.Media 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
105
38
bizim.media

10Sources