EN

Azərbaycan növbəti önəmli beynəlxalq səviyyəli tədbirə ev sahibliyi edir

Milli Məclisin deputatı,
Rauf Əliyev

Azərbaycan Prezidenti cənab İlham Əliyev iyunun 4-də başlayan Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında iştirak edib. Bakı Enerji Həftəsi bir neçə ildir ki, Azərbaycanın paytaxtı Bakı şəhərində uğurlu və nümunəvi bir modelə çevrilmiş enerji məsələlərinin müzakirəsi və qarşıdakı illərdə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edilməsini əlaqələndirən platformaya çevrilib. Bakı Enerji Həftəsi çərçivəsində enerji sektorundakı vacib məsələlər müzakirə edilir və enerji sənayesində çalışan, sərmayələr xərcləyən böyük şirkətlərin nümayəndələri əhəmiyyətli təkliflərlə çıxış edərək dünya miqyasında enerji təhlükəsizliyinin daha da gücləndirilməsinə töhfə verməyə çalışırlar. 37 ölkədən 300-dək şirkətin iştirak etdiyi Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan aparıcı insanları bir araya gətirir. Enerji Həftəsinin açılış mərasimində cənab İlham Əliyevin iştirakı və çıxışı bütövlükdə qlobal enerji ailəsinə hörmətin nümunəsi kimi qiymətləndirilir. Azərbaycan bu mühüm və vacib platformanın müəllifidir.

Enerji Həftəsinin açılış mərasimində çıxışı zamanı cənab İlham Əliyev bildirmişdir ki, “Xəzər Neft və Qaz Sərgisi otuz il bundan əvvəl 1994-cü ildə fəaliyyətə başlayaraq, Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynamışdır. O vaxtdan bəri bu tədbir daha böyük tədbirə çevrilib və enerji siyasətinin bütün əsas seqmentlərini - neft, qaz, kəşfiyyat və hasilat, emal və nəqliyyatı və əlbəttə ki, yaşıl enerjini əhatə etdiyinə görə indi onun adı Bakı Enerji Həftəsidir. Otuz il bundan əvvəl Azərbaycan, əlbəttə ki, başqa bir ölkə idi. Biz müstəqillik yolunda ilk addımlarımızı atırdıq və bu, çətinliklər, çağırışlar və faciəvi hadisələrlə dolu olan bir dövr idi. Əfsuslar olsun ki, 1991-ci ilin oktyabrında müstəqilliyimizin bərpası qonşu Ermənistanın təcavüzü və torpaqlarımızın demək olar ki, iyirmi faizinin işğalı ilə müşayiət olundu”. Ölkə başçısı otuz il bundan əvvəl ölkəmizin düşdüyü ağır vəziyyət, Ermənistanın ölkəmizə təcavüzü, torpaqlarımızın iyirmi faizinin işğalı, vətəndaş müharibəsi, Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin oktyabrında Prezident seçilməsi ilə ölkənin tarixində yeni səhifə açılması, irimiqyaslı iqtisadi islahatlar, demokratik Konstitusiyanın qəbul edilməsi, senzuranın ləğvi və ölkə iqtisadiyyatımızın ən cəlbedici sektoru olan enerji sektoruna investisiyaların cəlb edilməsi barədə fikirlərini bölüşərək qonaqların diqqətinə çatdırdı.

Cənab İlham Əliyev çıxış edərək bildirmişdir ki, “Bu tədbir, əslində, ölkənin potensialının ilk beynəlxalq təqdimatı idi. Artıq qeyd edildiyi kimi, birinci Xəzər Neft və Qaz Sərgisinin keçirilməsindən bir neçə ay sonra - 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bu da ölkənin transformasiyasında dönüş nöqtəsi oldu. Biz investorlarımızla çox məhsuldar münasibətlər qura bildik. Məhz bunun nəticəsidir ki, BP şirkəti otuz ildir bizim strateji tərəfdaşımızdır və bundan sonra da ən azından otuz il ərzində strateji tərəfdaşımız olaraq qalacaq. 1994-cü ildə Birləşmiş Krallıqdan BP və ABŞ-dan “Amoco” beynəlxalq neft şirkətləri konsorsiumuna rəhbərlik edirdilər və onlar bizə etibar etdilər”. Qeyd etmək lazımdır ki, “Əsrin müqaviləsi”nin və 1994-cü ildə fəaliyyətə başlayan Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsi istiqamətində mühüm rol oynayıb. "Əsrin müqaviləsi"nin imzalanmasından 30 il müddət keçir. Yeni neft strategiyasının ölkəmizin müstəqillik tarixində mühüm rolu var. Ölkəmizin iqtisadi inkişaf təməllərini və formalaşan güclü maliyyənin əsasını məhz neft gəlirləri təşkil edib. Neft gəlirləri ölkəmizin sosial-iqtisadi inkişafına dərin zəmin yaratmaqla bərabər eyni zamanda güclü ordu quruculuğunun təmin olunmasında da bir vasitə olmuşdur və Azərbaycanın öz dövlət suverenliyini, ərazi bütövlüyünü təmin etməsində də fundamental baza rolunu oynamışdır. Qlobal enerji ailəsinin ortaq iqtisadi dialoquna çevrilən Bakı Enerji Həftəsinin bu ilki fərqliliyi və yeni məzmun gətirən ən başlıca istiqaməti isə bu dəfə “yaşıl enerji” blokunun xüsusi yer almasıdır.

Tədbirə qatılan şirkətlərin təxminən 15 faizi məhz həmin sektorların təmsilçiləridir və onların əksəriyyəti Azərbaycanın “yaşıl enerji” sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır. Azərbaycan yüksək səviyyədə məsuliyyət nümayiş etdirərək beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışan və bu kimi mühüm platformalara ev sahibliyi edərək dünya miqyasında nüfuzunu ili-ildən artıran ölkələr siyahısındadır. Ölkəmiz son illər yaşıl enerjiyə keçidlə bağlı fəal işlər aparır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının eyni zamanda Naxçıvanın “yaşıl enerji zonası” elan edilməsi və bu istiqamətdə atılan addımlar beynəlxalq arenada və inkişaf etmiş ölkələr ilə münasibətlərdə ölkəmizə əlavə müsbət impuls, stimul qazandırır.

Chosen
78
1
sia.az

2Sources