EN

Bakının COP29 hədəfləri: Yeni təkliflər dünyanın gündəmində

Noyabr ayında Azərbaycan beynəlxalq səviyyədə ilin ən mühüm tədbirlərindən biri olan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Bakı bu istiqamətdə hazırlıq işlərini tam sürətlə davam etdirir. Ayrı-ayrı dövlət və hökumət başçılarına dəvətlər göndərilir, bəşəriyyət üçün qlobal problem kimi xarakterizə edilən iqlim dəyişikliklərinin müzakirə ediləcəyi COP29-un məqsəd və məramı anladılır. Ən azı 80 min xarici qonağın qatılacağı bu tədbirdə müzakirə ediləcək mövzular da aktuallıq baxımından mühüm önəm daşıyır. Bəs COP-29-u əvvəlki analoji tədbirlərdən fərqləndirən başlıca cəhətlər hansılardır?

İqlim dəyişikliyinin azaldılması tədbirlərinin maliyyələşdirilməsi

Bir müddət əvvəl Almaniyada keçirilən Petersberq İqlim Dialoqu zamanı COP29-un əsas mövzusunun iqlim dəyişikliyinin azaldılması tədbirlərinin maliyyələşdirilməsi olacağı açıqlanıb. Əslində dünyada iqlim dəyişikliyi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi məsələsi ciddi müzakirələrə yol açır. Bu məsələdə müxtəlif dövlətlərin mövqelərini və yanaşmalarını uzlaşdırmaq çox çətindir. Ekspertlər COP29-a bütün bəşəriyyəti təhdid edən iqlim dəyişmələri ilə mübarizədə maliyyənin ayrılması istiqamətində ortaq qərarın verilməsi üçün fürsət kimi baxırlar. Bakıda keçiriləcək COP29 tədbirində yoxsul ölkələrə iqlimlə bağlı maliyyə vəsaiti ayırmaq, onlara istixana qazı emissiyalarını azaltmaq və ekstremal havanın təsirlərinə uyğunlaşmaqda kömək etmək istiqamətində razılığa gəlinməsi gözlənilir. Bu baxımdan COP29 iqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün tarixi görüş hesab olunur. Belə ki, COP29 konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək istiqamətində konkret addımlar atmaq üçün bir fürsətdir.

“Bu məsuliyyəti çox yaxşı dərk edirik”

Hazırda rəsmi Bakı ev sahibi qismində qarşıya qoyulan məqsədlərə nail olmaq və COP29-un hədəflərinə çatması üçün gərgin iş aparır. Dünyanın ən müxtəlif qurumları, qeyri-hökumət təşkilatları, beynəlxalq institutları ilə qarşılıqlı müzakirələr, dialoq yolu ilə hədəfə istiqamətlənən yoldakı maneələri uğurla aradan qaldırır.

Ümumi rəy də ondan ibarətdir ki, bu cür beynəlxalq tədbirə ev sahibliyi etmək son dərəcədə məsuliyyətli və çətin bir işdir. Lakin Azərbaycanın bu işin öhdəsindən layiqincə gələcəyinə heç bir şübhə yoxdur.

Prezident İlham Əliyev də iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında bu məsələyə xüsusi olaraq toxunub. "COP29-a ev sahibliyi edən ölkə kimi bu məsuliyyətli vəzifəni öz üzərimizə götürərkən bunun bütün üstünlüklərini və çətinliklərini çox yaxşı dərk edirik", - dövlət başçısı deyib.

Chosen
86
50
publika.az

10Sources