EN

Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”

Futbol üzrə Azərbaycan millisinin müvəqqəti baş məşqçisi Arif Əsədov bu gün Albaniya yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, 53 yaşlı mütəxəssis komandamızın 1:3 hesablı məğlubiyyətə üzüldüyü matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Öz səhvlərimizdən qollar buraxdıq. Nəticədən yox, komandanın oyunundan razıyam. Rəqib Avropa çempionatına hazırlaşır. Bunun da nəticəyə təsiri ola bilər. Futbolçularımız matçın gedişində hiss etdilər ki, bu komandaya qarşı rahat futbol oynamaq olar. İkinci hissədə bir az sistemi dəyişdik, hücumameyilli oyuna üstünlük verdik. Hücum potensialımız artdı. Ancaq qol imkanlarından yararlana bilmədik. Albaniya isə əks-hücumlarda təhlükəli olurdu. Ərazi üstünlüyü tərəfimizdə olsa da, orta sahədə buraxılan səhvlər və rəqibin sürətli hücumlara keçməsi bizə təhlükəli yaşadırdı. Komandamızda ən çox problem fiziki durumla bağlı idi. Artıq Qazaxıstanla qarşıdakı matça hazırlaşacağıq”.

Arif Əsədov yeganə qolumuzun müəllifi Musa Qurbanlı və digər hücumç futbolçuları haqda da danışıb: “Musa növbəti oyunda da sonradan meydana girə bilər. Görürsünüz ki, o, sonradan oyuna girəndə daha effektli olur. Musa da, Mahir Emreli də hələ 90 dəqiqə oynamağa hazır deyil. Çalışırıq ki, bunları nəzərə alaq. Emil Mustafayev də əvvəlki oyununu göstərmədi. Düşərgəyə 2-3 kilo artıq çəki ilə gəlmişdi. Demişəm ki, milliyə gəlirsənsə, öz formanı saxlamalısan”.

Xatırladaq ki, Azərbaycan milli komandası Macarıstanın Sombatxey şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində bu gün ilk beynəlxalq yoldaşlıq görüşünü keçirib. Millimiz “Haladas SportKomplexum”da Albaniya yığması ilə qarşılaşıb. Avropa çempionatına hazırlaşan rəqib komanda matçda 3:1 hesablı qələbə qazanıb. Millimizin yeganə qolunu 90-cı dəqiqədə Musa Qurbanlı vurub. Albaniya yığmasının heyətində isə 12-ci dəqiqədə Nedim Bayrami, 81-ci dəqiqədə Rey Manay və 87-ci dəqiqədə Kazim Laçi fərqləniblər.

Millimiz təlim-məşq toplanışı çərçivəsində növbəti oyununu iyunun 11-də, Bakı vaxtı ilə saat 18:00-da eyni məkanda Qazaxıstan yığmasına qarşı keçirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
128
3
arena.az

8Sources