EN

Qurban Qurbanov: “Zirə” kuboku qazanmağa daha çox istəklidir”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunda “Zirə”yə qarşı keçirəcəkləri final matçından öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı bu gün oyundan öncə təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Çox istərdim ki, nəticədən asılı olmayaraq azarkeşlər üçün baxımlı oyun olsun. Çox ciddi rəqibə qarşı oynayırıq. Bizim “Zirə”yə qarşı hər oyunumuz asan olmayıb. Xüsusilə də son görüşlər. Çox yaxşı idman formasında olan komandaya qarşı oynayacağıq. “Zirə” çempionatda ikinci yeri tutan komandadır. Çox yaxşı, çox böyük nəticə əldə ediblər. Demək olar ki, finalı daha rahat oynayacaqlar. Kubok başqa bir prestijdir. Hər bir futbolçu istəyər ki, ölkə kubokunu başı üzərinə qaldırsın. Çalışdıq ki, komandanı bu matça hazır edək. Nəticə üçün ən yaxşısını və düzünü etməyə və azarkeşlər üçün baxımlı oyun göstərməyə çalışacağıq”.

Baş məşqçi penaltilər seriyası ehtimalı və buna hazırlığa toxunub: “Penaltilər seriyasına psixoloji hazırlaşmaq lazımdır. Buna da hazırıq. Kubok görüşlərinə fərqli yanaşıram. Böyük gözlənilməzliklər kubokda olur. İstər ölkə kubokunda, istər avrokuboklarda. Ümumiyyətlə, futbolçularımı belə matçlara daha çox psixoloji hazırlamağa çalışıram. Çempionatın sonunda onların fiziki formaların tələb etmək düzgün deyil. İstər-istəməz hazırdırlar və sadəcə psixoloji yorğunluqları olur. Mən də ona üstünlük verirəm ki, sərbəst, soyuqqanlı şəkildə bu matçlarda düzgün oynasınlar. Amma qarşımızdakı rəqibi də nəzərə almalıyıq. Bəlkə daha istəkli, kubok üçün daha çox alışıb yanan komanda olacaq. Mən komandanı bu tərəfdən hazırlayıram”.

“İstərdik ki, “Real” qalib gəlsin”

51 yaşlı mütəxəssis qapıda Andrey Lunyova şans verəcəyini bildirib: “Qapıda üstünlüyü Lunyova verməyi düşünürəm. Amma bu gün üçün bununla bağlı qəti heç nə deyə bilmərəm”.

Qurban Qurbanov Çempionlar Liqasının finalında “Real”a azarkeşlik edib-etməyəcəyini də açıqlayıb. Məsələ burasındadır ki, Madrid klubu finalda Dortmund “Borussiya”sına qalib gəlsə, “Qarabağ” ÇL-ə ikinci mərhələdən başlayacaq.

“Qarabağ”a azarkeşlik edəcəyəm. Qoy birinci mərhələdən başlasın. Layiqli olan qalib gəlsin. Çalışmışıq ki, öz reytinqimizlə irəliləyək. Bizim üçün xeyirlidirsə, üstünlüyü varsa, istərdik ki, “Real” qalib gəlsin. Proqramımızda dəyişiklik edəcəyik. İstəyirik ki, futbolçular üçün istirahət müddəti çox olsun. Oyunçularım bu mövsüm çox güc sərf etdilər. Oturub gözləyəcəyik”.

Chosen
151
18
arena.az

10Sources