EN

Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlər niyə kəskin artır? -Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucla müsahibə

Müəllif:Gülbəniz Hüseynli\Banco.az

Son illərdə Azərbaycanda daşınmaz əmlak bazarında yaşanan qiymət artımı alıcıların ciddi narazılığına səbəb olub. Məsələnin səbəbləri və qiymət artımına nəzarət mexanizminin mümkün olub-olmaması barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Banco.az-a müsahibə verib:

Vüqar bəy, Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin fantastik həddə artmasına səbəb nədir?

Bilirsiniz, bu səbəblərə bir tərəfdən baxılmamalıdır, kompleks şəkildə yanaşılmalıdır. Qiymət artımının səbəbləri müxtəlifdir. 30 ildən sonra torpaqlarımız işğaldan azad edilib və orda infrastrukturun bərpası prosesi başlayıb. Hazırda  bununla bağlı ölkəyə investisiya axını müşahidə edilir. Ölkədə iqtisadi inkişaf, rifah halının yüksəlməsi üçün şərait yaranıb.Regionda baş verən hadisələr, eləcə də Ukrayna və Rusiya arasındakı müharibə Azərbaycana insan axının üz tutmasına səbəb oldu. Bu axından sonra daşınmaz əmlak sahəsinə investisiya qoyulması istiqamətində də çox ciddi addımlar atılıb.

Azərbaycanın yerli biznesmenləri də, xaricdən ölkə bazarına müraciət edən investorlar da daşınmaz əmlakı daha cəlbedici investisiya obyekti kimi görürlər. Təbii ki, bu da qiymətlərin artımına xüsusi təsir göstərir.

Vüqar bəy, təklif edilən mənzillər çoxdur, amma alıcı da o təkliflərə uyğun büdcəyə sahib deyil. Alıcılıq qabiliyyətinin artması üçün bazara hansı təkliflər verilə bilər?

Son vaxtlar inşaat materiallarının qiymətində baş verən artım, manatın alıcılıq qabiliyyətində müşahidə edilən dəyişikliklər də qiymətlərin artmasına bu və ya digər səviyyədə təsir göstərir. Hazırda son üç ilin nəticəsinə əsasən qeyd edim ki, bazara edilən təkliflər yüksək qiymətlə müşayiət olunmaqdadır. Bu da təbii durğunluğun yaranmasına səbəb olur. Amma biz bunu durğunluq kimi xarakterizə etmirik.

Çünki hal-hazırda alqı - satqı prosesləri baş verir. Xüsusilə, İpoteka və Kredit Zəmanəti Fondunun ipoteka ayırmaları zamanı bazarda çox ciddi canlanma baş verir. Sadəcə müəyyən dövrlər olur ki, bazarda durğunluq hiss olunur. Bu da təbiidir. Çünki bütün bazarlar kimi daşınmaz əmlak bazarı da dəyişkən bir bazardır. Elə bir dövr olur ki, orada aktivlik baş verir, ya da əksinə passivliklə proseslər müşayiət olunur.

Qiymətlərin yüksək olması o demək deyil ki, bu bütün alqı-satqı proseslərinə təsir göstərir. Çünki Azərbaycanın rayonları üzrə, o cümlədən Bakının rayonları üzrə müəyyən formalaşmış qiymətləri var.

Hər  hansı bir fors major hadisə baş verməzsə, qiymətlər ciddi dəyişikliyə uğramayacaq.

Manatın alıcı qabiliyyəti hər il ölkə iqtisadiyyatı böyüklüyünə görə inkişaf etdiyinə görə özündən əvvəlki ilə nisbətən daha da aşağı düşür. Keçən ötən il bazara 100 min manata təklif olunan mənzil bu gün 110 -115  minə təklif olunur. Bu da iqtisadi cəhətdən təbii bir prosesdir.

Necə düşünürsünüz, qiymətlərin yüksəlməsinə qarşı alternativ daha ucuz layihələrin həyata keçirilməsi mənzil arzusunda olanların problemlərinə kömək edə bilərmi?

Alıcıların daha çox qiymətlərin yüksək olmasından narazılıq etməsi normaldır. Çünki əksər vətəndaşların mövcud əməkhaqları və o cümlədən, ailə büdcəsi müstəqil şəkildə mənzil almaq imkanlarına şərait yaratmır. Bu baxımdan Azərbaycan dövləti sosial yönümlü müxtəlif proyektlərlə vətəndaşların  mənzil təminatının yaxşılaşdırılmasına yardımçı olur. Bura uzunmüddətli və aşağı faizli kreditlərlə mənzillərin əldə olunması daxildir.  

Qiymətlərin yaxın zamanda aşağı düşməsi gözlənilirmi?

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
81
50
banco.az

10Sources