Azərbaycan çempionu “Qarabağ” ölkə çempionatının (Premyer Liqa) 2023/2024 mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb.
Arena.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri buna 33-cü turda nail olublar.
“Neftçi” üzərində 5:0 hesablı qələbə ilə komandanın öz meydanındakı qol sayı 50-yə yüksəlib.
Bu, klubun tarixində yeni rekorddur. Ağdam təmsilçisi 2021/2022 mövsümündə evdə 47 qol vurmuşdu.
Bu, həm də Azərbaycan çempionatlarında son 25 ilin rekordudur. Yarışın tarixinin mütləq rekordu isə Sumqayıt “Xəzər”inə məxsusdur. 1992-ci ildə sumqayıtlılar qonaqların qapısından 70 top keçiriblər.
Xatırladaq ki, bu mövsüm çempionluğu bir neçə tur öncə təmin etmiş “Qarabağ” 33 turdan sonra 76 xalla zirvədə qərarlaşıb. 24 oyundan qələbə, 4 matçdan heç-heçə ilə ayrılmış Ağdam təmsilçisi 5 görüşdə də məğlubiyyətə üzülüb. Rəqib qapılarından bütövlükdə 90 top keçirmiş Qurbanovun komandası 32 qol buraxıb.