EN

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür”

Budəfəki müsahibimiz Azərbaycandan Londona “innovator” vizası ilə gedən ilk azərbaycanlı xanım Fidan Cavadovadır. O, yaşıl enerji ilə bağlı “BeWorks Automation” adlı startapın qurucusudur və hazırda elektromobillər üçün şarj qurğuları infrastrukturu üzərində çalışır.

Musavat.com AZƏRTAC-ın Fidan Cavadova ilə startapla bağlı reportajını təqdim edir.

İNNO

- Startapınız haqqında məlumat verə bilərsinizmi?

- “BeWorks Automation” yaşıl enerji startapıdır və əsasən üç başlıca istiqaməti əhatə edir. Birinci istiqamət elektrik mühərrikli avtomobillərin şarj infrastrukturunun qurulmasıdır. İkinci biznes istiqaməti isə günəş enerjisi layihələridir. Buna bütün layihələrin sıfırdan planlanması, həmçinin günəş panellərinin və layihələrə gərəkli olan digər aksessuarların seçilməsi, onun dizaynı, təchizatı və quraşdırılması daxildir. Üçüncüsü isə “BeWorks Automation” adından da göründüyü kimi, avtomatlaşdırmadır. Burada da bir çox “IoT” və rəqəmsal transformasiya üçün lazım olan həll yollarını təqdim edirik.

- Nəyə görə yaşıl enerji sahəsində startap qurmağa qərar verdiniz?

- Biz mühəndis ailəsiyik. Bu sahəyə maraq mənə ailədən gəlir. Atamın bərpaolunan enerji sahəsinə çox böyük marağı olub. Ona görə gənc yaşlarımızdan həmişə mənə və qardaşıma bu fikirləri aşılayırdı ki, bərpaolunan enerji, günəş enerjisi bizim gələcəyimizdir. Bizə başa salırdı ki, tükənən enerji resursları bir yerə qədərdir. Bunu təkcə fikir olaraq bildirmirdi, həm də bizə praktikada göstərirdi. Hələ 15 il öncə atam günəş panelləri alıb evimizdə kiçik bir sistem qurmuşdu və qardaşımla mən bu infrastrukturun necə işlədiyini praktikada görmüşdük. Hər il yaşımız artdıqca mühəndislik cəhətdən o sistemin necə işlədiyini başa düşürdük. Hətta günəş panelləri enerji sərfiyyatını optimallaşdırdığına görə elektrik xərclərimiz də az gəlirdi. Qonşularımız bizdən soruşurdu ki, necə olur sizin xərcləriniz az gəlir? Biz də onlara başa salırdıq ki, evimizdə günəş panelləri işlədirik. Beləcə, həm öyrədici, həm də gülməli hallar yaşanırdı. Bu startapı qurmaq ərəfəsində də atam mənim ən böyük mentorum olub. Həm strategiya, həm də yeni məhsullar barəsində onun fikirlərini öyrənmişəm və düşünürəm ki, bu biznes ideyasını düzgün seçmişəm.

- “İnnovator” vizasını almaq çətin oldumu?

- Mən vizaya müraciət edəndə “innovator” vizası yeni elan olunmuşdu. O, bundan əvvəl “Entrepreneur” vizası adlanırdı və onun şərtləri bir az fərqli idi. “İnnovator” vizasının şərtləri ilə tanış olandan sonra gördüm ki, mənə uyğundur və bəxtimi sınamaq istədim. Biznes istiqamətlərini yazdım. Yeni viza növü olduğu üçün mən müraciət edəndə onun haqqında çox da məlumat yox idi. İngiltərədə hüquqşünaslara müraciət edəndə onlar deyirdilər ki, bu haqda məlumatımız yoxdur, bu, yeni istiqamətdir. Mən yenə də vizaya müraciət etmək qərarına gəldim və uğurlu da oldu.

- Siz dediniz ki, elektrik mühərrikli avtomobillər şarj infrastrukturu üzərində işləyirsiniz. Bəs sizin gördüyünüz işlər rəqiblərinizin şarj infrastrukturundan nə ilə fərqlənir? Müştəri nəyə görə başqasını yox, sizi seçməlidir?

- Britaniyada yaşıl enerji ilə bağlı çoxlu startaplar var, layihələr həyata keçirilir. Bu ölkədə bu biznesdə önəmli cəhətlərin olmalıdır ki, sən onlardan bir addım qabaqda olasan, çünki rəqabət çoxdur. Müştəri səninlə danışanda bilmək istəyir hansı cəhətin fərqlidir ki, o, sırf bu şarj alətini başqasından deyil, səndən alsın. Bizim şarj alətinin ən əsas fərqlərindən biri odur ki, biz əlçatan bir texnologiya yaratmışıq. Bilirsiniz ki, elektrik mühərrikli avtomobillərdə kabel texnologiyası, naqillər ağır olur. Bu da yaşlı və fiziki çətinlikləri olan sürücülər üçün problemlər yarada bilir. Sırf o cəhətdən də onlar elektromobil fikrindən soyuya bilirlər. Bizim texnologiyamıza əsasən onlar avtomobillərini şarj edən zaman sessiya başlayanda kabel onların yanına avtomatik gəlir, onlar, sadəcə, kabeli götürüb avtomobillərinə qoşurlar. Biz öncə bu prototip üzərində çalışmağa başladıq. Konsept məndə uzun zamandır var idi. Hər bir startapın yaralı yeri olan investisiya məsələsini həll etməyə çalışırdıq. Artıq investisiya və dövlətdən qrantlar aldıqdan sonra aktiv şəkildə bu prototipin istehsalına davam etdik. Hazırda bu prototipin 80 faizini tamamlamışıq. Son addımlar akkreditasiya mərhələsidir ki, onu bitirdikdən sonra satışa çıxara biləcəyik. Həmçinin bizim şarj infrastrukturumuz ona görə fərqlənir ki, biz həm daha rahat, daha anlaşıla bilən interfeys yaratmışıq. Sizə nəyi necə etmək lazım olduğu mobil tətbiq vasitəsilə mərhələ-mərhələ izah olunur. Biz əlimizdən gələni edirik ki, elektrikli avtomobilə keçən insanlar üçün heç bir maneə olmasın. Bu şarj alətinin üzərində bir ilə yaxındır ki, işləyirik. Yaxın zamanda, təxminən iki ay ərzində bunu tamamlayacağıq.

- Necə oldu ki, siz çətinliyi olan sürücülər üçün şarj aləti yaratmağa qərar verdiniz?

- Əslində, biznes ideya olaraq ağlımda konseptlər hər zaman olub. Ancaq bəzən sırf bir potensial müştəridən, onun probleminin nə olduğunu başa düşdükdən sonra anlayırsan ki, burada həqiqətən də bir problem var, bunun həll yolu tələb olunur. İnnovasiyaya çox marağı olan yaşlı bir qonşumuz var idi. Onunla da fikirlərimi paylaşmışdım və o, çox həvəslə istəyirdi ki, elektrik avtomobillərinə keçid etsin. Sırf naqillərin ağırlığından şikayətlənirdi. Deyirdi ki, həm naqillərin ağır, həm də interfeysin çətin olması səbəbindən yaşlı adamlar üçün elektrik mühərrikli avtomobil istifadə etmək asan iş deyil. O düşünürdü ki, hər dəfə maşını şarj etmək istəyəndə kimdənsə kömək istəməli olacaq. O da heç kəsdən kömək almaq istəmirdi. Mənə deyirdi ki, Fidan, nə vaxtsa şarj aləti yaratmaq istəsən bunu nəzərə alarsan. Mən də bu arqumenti test etdim və belə bir problemin olduğunu gördüm. Daha sonra fikir verdim ki, qonşularımdan bir çoxu bir problemi qeyd edir. Bu universal bir şarj aləti olmalıdır, ona görə düşündüm ki, hər kəsin problemləri nəzərə alınmalıdır. Heç kəsin problemi görməzdən gəlinməməlidir. Bu da prototipin üzərində çalışmağıma səbəb oldu.

- İşinizin sevdiyiniz və sevmədiyiniz tərəfləri nələrdir?

- İlk növbədə, sevdiyim işi görürəm. Bu, hər gün təkrarlanan bir iş deyil. Hər gün sənin qarşına yeni bir innovasiya çıxır. Daima inkişaf var, heç vaxt darıxmırsan, hər gün xəbərləri açanda yeniliklərin olduğunu görürsən. Bu da tələb edir ki, təsisçilər və bu işlə məşğul olan insanlar yeniliklərlə ayaqlaşsınlar. Çünki innovasiya bu işləri qabağa aparır. Bundan başqa, iş və şəxsi həyat balansını özümün təyin edə bilməyim çox gözəl haldır. Həm də iş saatlarım rahatdır. Artıq COVID-19 pandemiyasından sonra çoxları Britaniyada saat 09:00-17:00 arası çalışmır. Burada insanlar işə də vaxt ayırır, öz məqsədlərinə də çata bilirlər və bu, çox önəmlidir.

Xoşuma gəlməyən cəhətlərinə gəldikdə isə… Tam olaraq bunu xoşuma gəlməyən adlandırmazdım. Çünki düşünürəm ki, yaşadığım çətinliklər də püxtələşməyimə səbəb olur. Ən böyük çətinlik o zaman olur ki, qarşıma qoyduğum məqsədləri dərhal həyata keçirə bilmirəm. Məsələn, deyirik ki, müəyyən məbləğdə investisiya cəlb etdikdən sonra bu işə filan tarixdə başlayacağıq. Ancaq startap aləmində bu belə deyil. Planlar bir gün içərisində 180 dərəcə dəyişə bilir. Ona görə də daha düşüncəli, strateji davranmaq lazımdır ki, “plan A” həyata keçməyəndə “plan B” olsun.

- Komandanızda sizdən başqa kimlər var? Həmçinin investorlarınız varmı?

- Mən iki ilə yaxın idi ki, tək çalışırdım. Artıq işlər çoxalandan və yeni məhsul üzrə işləməyə başlayandan sonra texniki mühəndis, yəni, sistem mühəndisi işə götürmüşük. Həmçinin bəzi partnyorlarımız var ki, onlar da məhsulun yığımında bizə yardımçı olurlar.

“Hardware” (avadanlıq – red.) fokusu olan sahələrdə investisiya qaçınılmazdır. “Software” (proqram təminatı – red.) olan sahələrdə bəzən məhsulun prototipini pulsuz etmək olur. Çox təəssüf ki, bizdə bu şarj alətinin prototipini belə qurmaq üçün investisiya lazımdır. İlkin investisiyamız bu sahəyə və bizim vizyonumuza inanan şəxsi (belə investorlar mələk investor adlanır – red.) investor tərəfindən edildi. Onun investisiyasından sonra biz Britaniya hökumətindən də qrant aldıq. O qrant bizim daha sürətlə inkişafımıza səbəb oldu. Həmçinin burada vençur kapitalı (yüksək səviyyəli risk dərəcəsi olan startaplara investisiya fondları və ya firmaları tərəfindən sərmayə kimi yatırılan pullardır – red.) olan şirkətlərlə də danışırıq. Düşünürəm ki, onların sayəsində yerdə qalan investisiyaları tamamlayacağıq.

- Ümumiyyətlə, Londonda startap qurmaq çətindirmi?

- Londonda startap ekosistemi çox sürətlə yayılır. Hər gün yeni bir mövzuda startapların yarandığını görürük. Bu sahə çox populyardır. Çətinliyə gəldikdə, bu, startapın hansı mövzuda, sektorda olmasına baxır. Əlbəttə, bəzi startaplara investisiya cəhətdən çox kiçik bir məbləğ lazımdır ki, onlar irəli getsin və satışı olsun. Bəzi startaplarda isə milyonlarla ilkin investisiyaya ehtiyac olur. O zaman işlər uzanır. İndiki zamanda həm Avropada, həm də İngiltərədə investisiya almaq çox çətinləşib. Bu, iqtisadi böhran və inflyasiya ilə də əlaqədardır. Britaniyada investorlar daha ehtiyatla davranırlar. Ona görə də hər startap investisiya alıb inkişaf edə bilmir. Bir çoxları yaradılır və bir il içərisində artıq işini dayandırırlar. Ona görə, startapdan “scale-up” səviyyəsinə çıxana qədər çətindir. Startapın davam etməsi üçün daimi müştərilər lazımdır. Daimi müştərilər olduqdan sonra gəlir də gəldiyinə görə startapın riskləri nisbətən azalır.

- Azərbaycandan sizin kimi startap qurub Londona gəlmək istəyənlərə nə məsləhət verərdiniz?

- Azərbaycanda əvvəlki illərə nisbətən startap sahəsində çox uğurlu işlər görülür. Həm qızlar, həm də oğlanlar tərəfindən daha çox startaplar görürük. Xanımların daha çox bu startap ekosisteminə maraq göstərdiyini görürəm. Bu, çox sevindirici haldır. Öz təcrübəmə əsasən deyə bilərəm ki, hər bir startapda təsisçilər hər zaman öz ideyalarının möhtəşəm olduğunu düşünürlər. Fikirləşirlər ki, bu ideya çoxlu pul gətirəcək və s. Onlar məsləhətləşmədən məhsulu bir istiqamətdə istehsal edir, satmağa çalışırlar. Bu, düzgün yanaşma olmaya bilər. Ona görə yeni başlayan startapçılara məsləhətim odur ki, ideyanıza inanırsınızsa, mütləq onu araşdırın, mentorlarınız varsa, onlarla məsləhətləşin. Daha aydın başa düşün ki, bu startap hansı problemi həll edir. Bunu aydınlaşdırandan sonra çətinliklər ola bilər, amma bu o demək deyil ki, dayanmalısınız. Əgər həqiqətən də məqsədli şəkildə bu ideyanı araşdırmısınızsa, çətinliklərə də məruz qalsanız, çalışın bu sahədə ixtisaslaşan insanlarla məsləhətləşəsiniz, biznes ideyanızı daim inkişaf etdirəsiniz.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
90
5
Sources
Comment ()
Close