Asiya İnkişaf Bankı (ADB) Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurla təşkil olunmasına töhfə verməkdən məmnundur.
“Report”un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu ADB prezidenti Masatsuqu Asakava Gürcüstanın paytaxtında Bankın 57-ci illik toplantısı çərçivəsində keçirilən mətbuat konfransında deyib.
“Biz artıq bu tədbirlə bağlı təkliflərimizi təqdim etmişik. Neft hasil edən ölkə olan Azərbaycanın bu il COP29-a ev sahibliyi etməsi çox vacibdir”, - o vurğulayıb.
M.Asakava əlavə edib ki, bu tədbirin keçirilməsi Azərbaycanın enerji keçidinə sadiqliyini nümayiş etdirir:
“Azərbaycan böyük neft və qaz istehsalçısıdır. Buna görə də ölkənin qalıq yanacaqlarından bərpa olunan enerji mənbələrinə rəvan keçidi necə təmin edəcəyini müzakirə etmək üçün COP29-a sədrlik etməsi vacibdir. Bu, həm də ADB üçün prioritet məsələdir”.
Xatırladaq ki, bu ilin noyabrında Azərbaycanda COP29 keçiriləcək.