Heç kəsə sirr deyil ki, bir çox insanlar mağazalarda qaytarılan 1,3 qəpikləri geri almaqdan imtina edir. Bəzi hallarda bu pulları ictimai nəqliyyatda sürücülər də qəbul etmək istəmir. Eyni zamanda onları “Bakıkart”-da balansa daxil edib metroda istifadə də edə bilmirik.
İqtisadçı Eyyub Kərimli "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, milli valyuta ölkənin maliyyə atributudur və bütün vətəndaşlar dəyəri xırda olsa belə pula hörmətlə yanaşmalıdır: " Dünyanın hər bir ölkəsində milli valyuta dəyərdən düşdükcə kiçik pul vahidləri də əhəmiyyətsiz hesab olunur. Çünki onun heç bir maddi dəyəri, bəzən də əmtəə dəyəri qalmır. Bu gün ölkəmizdə 1/2 qəpiyə heç bir şey almaq olmur və yalnız qalıq kimi qaytarılır".
E. Kərimlinin sözlərinə görə digər tərəfdən bunu sahibkar marketing siyasəti ilə də əlaqələndirmək olar: "Bəzən mağazalarda 99 qəpiklik ərzaqlar və digər mallar mövcuddur və ödəniş etdikdə yerdə qalan bir qəpikliklər alıcıya qaytarılmır. Hazırda ölkə bazarlarında bütün qiymətlər yuvarlaqdır. Bəzən 13 və ya 92 qəpik yox, birbaşa 10/90 qəpikliklərlə hesablanır. Bunun üçün stimullaşdırıcı tədbirlər hazırlanmalıdır ki, kiçik qəpiklər dövriyyəyə qayıtsın".
Havar Şəfiyeva