Ankara, 23 aprel, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 23-də Milli Suverenlik və Uşaq Bayramı günü münasibətilə müxtəlif ölkələrdən Ankaraya dəvət olunan bir qrup uşaqla görüşüb.
AZƏRTAC xəbər verir ki, TRT telekanalının ənənəvi beynəlxalq uşaq şənliyi proqramının iştirakçıları ilə türkdilli dövlətlərdən gələn uşaqlar Prezident Administrasiyasının binasına milli geyimlər, musiqi alətləri və Türkiyə bayraqları ilə daxil olublar.
Dövlət başçısı rəqs edən və şeir söyləyən uşaqları alqışlayıb, bayramlarını təbrik edib.
Görüşə Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım da qatılıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara