28 yaşlı hücumçu “Cəbrayıl”ın formasını geydiyi 14 turda 10 dəfə fərqlənə bilmişdisə, yeni komandası “Füzuli”nin formasıyla çıxdığı 7 matçda 11 dəfə rəqib qapılarına yol tapıb. Hazırda hesabında 21 qol olan Elvin 2-ci liqanın bombardirlər siyahısında ikinci yerə yüksəlib. Nəsibovun yüksəlməkdə olan performansının hardan qaynaqlandığı barədə fikirlərini öyrəndik:
“Şəxsi performansımdan daha çox komandamın uğurları üçün çalışıram. Bu il “Füzuli” ilə çempionluq yaşamaq istəyirəm. Allaha şükür, hər şey qaydasındadı. Çempionluq üçün, komandam üçün əlimdən gələnin artığını edirəm”.
- Səni mövsümün ikinci yarısına motivasiya edən nədi? Yəni “Cəbrayıl”da edə bilmədiyini burda etməyinə nə səbəb oldu?
- Deməzdim ki, “Cəbrayıl”da alınmırdı. Sadəcə, aldığım zədələr imkan vermədi ki, orda daha çox oynayım və qol vurum. Sırf zədələr buna səbəb oldu.
- İndiki oyunun yuxarı liqa klublarının diqqətini çəkirmi? Səninlə maraqlanan varmı?
- Mövsümün əvvəlində də, qışda da təkliflərim var idi. Amma mən qərarımı “Füzuli”dən yana verdim və razılaşdıq. Çox şükür, hər şey yaxşı gedir. Yayda nə olacaq, necə olacaq - onu Allah bilir. İnşallah, xeyirlisi olar.
- Hansı klublardan təklif oldu?
- Komandaların adlarını açıqlamaq istəmirəm. Ümumilikdə həm 1-ci liqadan, həm də premyer-liqadan təkliflərim oldu.
- Hazırki performansın müsbətə doğru irəliləyir. Bəs, gələcək karyeranla bağlı ölkə xaricinə və ya elitaya getmək barədə düşünürsən?
- Əlbəttə, kim istəməz ki, yaxşı yerlərdə oynasın. Yenə də qismət. Xeyirlisi nədirsə, inşallah o da olar.
KAMAL SƏFƏR