EN

Milli Məclisin plenar iclası

Dünən Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib.

Milli Məclisin sədri oktyabrın 24-də Avropa Parlamentində Azərbaycanı hədəf alan növbəti siyasi aksiyanın təşkil olunduğunu deyib. Spiker bildirib ki, ölkəmizə qarşı böhtanlar, yalan və saxta məlumatlar üzərində qurulan qərəzli bir qətnamə qəbul edilib. Avropa Parlamentinin Azərbaycana qarşı düşmənçilik və qarayaxma kampaniyası aparan qüvvələrin əlində bir alətə çevrilməsi təəssüf doğurur.

Sonra cari məsələlərin müzakirəsi keçirilib.

Çıxış edən komitə sədrləri Səməd Seyidov, Siyavuş Novruzov, deputatlar Azər Badamov, Tural Gəncəliyev, Elşən Musayev, Nizami Səfərov, Soltan Məmmədov, Razi Nurullayev, Sahib Alıyev, Kamal Cəfərov, Bəhruz Məhərrəmov Avropa Parlamentinin qətnaməsinə münasibətlərini bildiriblər. Deputatlar ölkə daxilində və xaricdə gündəmdə olan bir sıra digər aktual məsələlər barədə də öz fikirlərini bölüşüblər.

Sonra Sahibə Qafarova gündəliyə 11 məsələnin daxil edildiyini, ilk 2 məsələnin beynəlxalq sənədlərin təsdiqi barədə qanun layihələri olduğunu deyib.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi barədə məlumat verib. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənəd barədə bu komitənin rəyini açıqlayıb. Məsələ ilə bağlı komitə sədri Musa Quliyev bəzi qeydlərini söylədikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Növbəti məsələ - “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanun layihəsini komitə sədri Səməd Seyidov təqdim edib. Bəzi deputatlar məsələ ilə bağlı fikirlərini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Növbəti 3 məsələ – “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda dəyişiklik edilməsi (birinci oxunuş), “Bələdiyyənin maliyyəsinin əsasları haqqında”, “Büdcə sistemi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarda dəyişiklik edilməsi, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələri müzakirələrdən sonra birinci oxunuşda qəbul olunub.

Digər 6 məsələ – “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında”, “Torpaq icarəsi haqqında” qanunlarda, Mülki Prosessual Məcəllədə və “Kredit büroları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri isə müzakirələrdən sonra ikinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin plenar iclası başa çatıb.

XQ

Chosen
11
6
xalqqazeti.az

9Sources