EN

Vaqif Cavadov: “Oyun və istək baxımından rəqibi üstələdik"

“Sumqayıt”ın baş məşqçisi Vaqif Cəvadov Azərbaycan Premyer Liqasının 11-ci turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Komandama təşəkkürümü bildirirəm. Yaxşı, mübarizəli oyun getdi. Həm oyun, həm də istək baxımından rəqibi üstələdik. Buna görə də qələbə qazandıq. Yolumuza davam edəcəyik.

Heç bir yorğunluq yox idi. Sadəcə, komanda uduzmaq istəmirdi. Rəqib öz meydanında oynayırdı. Bunun da təzyiqi var idi. İkinci hissədə daha çox əks-hücumda oynamağa çalışırdıq. İstifadə edə bilmədiyimiz bir neçə qol epizodu oldu. Amma komandam mübarizə apardı. Futbolçuların hər birinə təşəkkür edirəm. İstəyi sona qədər qorudular və lazım olan 3 xalı qazandılar”.

Vaqif Cavadov ötən turda “Turan Tovuz”a qarşı keçirdikləri oyunla bugünkü görüşü müqayisə də edib:

“Turan Tovuz”la matçda müdafiəyə daha çox çəkilmişdik. Buna görə orta xətdə boşluqlar yaranırdı. Amma bu oyun tam başqa idi. Hücumda daha çox oynadıq. Rəqibləri təhlil edirik. Öz oyunumuzu pillə-pillə artırmaq istəyirik. Bundan sonra nəticələr özü gələcək”.

“Daha yaxşı günlərimiz qabaqdadır”

“Səbail”in baş məşqçisi Şahin Diniyev isə oyundan sonra bunları dilə gətirib:

“Oyun haqda danışmaq çox çətindir. Bir komanda oynadı, bir komanda qələbə qazandı. Qol vəziyyətlərindən, penaltidən yararlana bilmədik. Bu, artıq sözün bitdiyi yerdir. Komandanın göstərdiyi futbol haqda bir söz deyə bilmərəm. Futbol ədalətli oyundur. Düşünürəm ki, öz qiymətini verəcək. Bəlkə də kimlərsə autsayder olduğumuzu düşünür. Amma burdan çıxmaq üçün həm futbolçuların potensialı, həm də komandanın gücü var. Bir oyun bəs edəcək ki, bu vəziyyətdən çıxaq. Bu gün də məğlub olmağa layiq deyildik. Ən pis halda oyunun ədalətli nəticəsi heç-heçə idi.

Əslində bu oyun bizim üçün dönüş nöqtəsi idi. Bugünkü imtahandan üzüağ çıxa bilmədik. Amma futbolçuların üstünə gedə bilmirəm. Daha bir ağır həftə keçirməliyik. “Kəpəz” 1-ci dövrə ilə müqayisədə həm heyət, həm də oyun baxımından güclənib. Güclənməyən yeganə komanda bizik. Kiçik heyətə malikik. Hər itki bizim üçün faciəyə bərabərdir. Bəxtsizlikdir. “Sumqayıt”la oyunlarda heç cür bəxtimiz gətirmir. Böyük bir sindrom var. Ancaq mən nikbinəm. Biz buradan çıxacağıq, daha yaxşı günlərimiz qabaqdadır”.

Chosen
24
9
arena.az

10Sources