EN

Edis Alizade ilə Azərbaycanı təmsil etmək istəyir...

Türkiyənin pop ulduzu Edis Bakıdakı iki günlük konsertindən öncə yerli medianın suallarını cavablandırıb. 

OLAY-ın məlumatına görə, bir çox mövzular haqqında açıqlamalar verən sənətçi həyəcanlı olduğunu qeyd edib. Bakı Konqres Mərkəzindəki konsertindən əvvəl jurnalistlərlə söhbətləşən Edis “Crystal Hall”dakı keçən ilki çıxışından söz açıb:

“Çox həyəcanlıyam. Bir il sonra yenidən Bakıdayam. Sizinlə olmaq çox gözəldir. “Crystal Hall” konserti çox gözəl keçmişdi. Hələ unuda bilməmişəm. Ən  yaxşı konsertlərimdən biridir. Hələ də instaqramda ən yüksəkdə, başa tutdurmuşam. Çünki həyatımın ən gözəl konsertlərindən biri, hətta ən gözəl konsertidir deyə bilərəm. Azərbaycanda başqa ruh halına keçirəm. Buradakı insanların sevgisi çox saf, təmiz gəlir. Çox böyük bir bağımız var. Azərbaycanlılar mənim üçün hər zaman çox özəl. “Crystal Hall”da buna görə çox özəl keçdi. Gələn il stadionda görüşəcəyimizi ümid edirəm”.

Azərbaycanı Avroviziyada təmsil etmək arzusundan danışan Edis Alizade ilə sözügedən müsabiqədə yer almaq istədiyini deyib:

“Alizadeni çox sevirəm. O da bura qayıtdı. Kim olursa, kimi uyğun görsəniz.... Məndən soruşulanda həddim olmadan “hə” deyirəm. Çünki bu, sizin qərarınızdır. Ehtimal ki, sizin üçün bir azərbaycanlının təmsilçi olması daha önəmlidir. Hamımız türkük, bu, ayrı məsələ. Amma təbii ki, öz ölkənizdən bir nəfərin iştirakını daha çox istəyərsiniz. Biz ölkə olaraq iştirak edə bilmirik, böyük həsrət var.   Azərbaycan mənim üçün çox özəldir, bununla yanaşı Türkiyə də iştirak edə bilmir. Ona görə hansısa bir azərbaycanlı ilə təmsilçi olsaq, gözəl olar. Çox istəyərəm. Avroviziya mənim üçün gözəl bir səhnədir. O səhnəyə çıxanda da uğursuz olacağıma inanmıram”.

“Azərbaycanlı müğənnilərdən kiminlə duet oxumaq istəyərsiniz” sualına Edis belə cavab verib:

“Röyanı çox sevirəm, Aygünü sevirəm. Hissi çox bəyənirəm. Yeni rep və hip-hopçulardan sevdiklərim var. Sheyh Ree var, ondan mahnı aldıq, birgə mahnılar yazırıq. Çox uğurludur. Ehtimal ki, albomda onun mahnısı ilə çıxış edəcəyik. Mənim bura ilə bağım çoxdur. Niyə olmasın?  Duet edə bilərik. Kim olsa, danışmaq lazımdır. Çünki studiyada nə olacağını bilmirik. İki nəfər studiyada olanda fərqli bir şey ola bilər. Pop tərzində olmaya da bilər”.

Pop ulduz əlavə edib ki, Bakı konsertinə yeniliklərlə gəlib: 

“Bu gün konsertə yeni sound, rəqs komandası və sistemlə gəldik. Tərzimiz də yeniləndi. Bir də daha arığam. Ola bildiyi qədər yenilənərək şou hazırlamağa çalışıram”.

Sənətçi həmkarı Murat Bozun rəqslərinin tənqid olunmasına münasibət bildirib: 

“Bu mövzuda danışacaq ən son insanam. Rəqs mövzusunda tam dəstəyəm. Kim necə istəyirsə, elə də rəqs etməlidir. Murat da sevdiyim dostumdur, ona da hər şey yaraşır. Daha çox rəqs etsin, daha çox görmək istəyirik onu”.

“Azərbaycanlı xanımla ailə qurmaq istəyərsiniz” sualına gəlincə ulduz gülərək bunları söyləyib: 

“Qismət. Fanatlarım çoxdur, onlarla arada yazışırq.  Bura mənim ikinci evimdir, gələndə ürəyim açılır. Çox hüzurlu yerdir.  Hələ ev almamışam buradan. Mənə tövsiyə verin. Bəlkə bu il alaram”.

Arıqlamağından söz açan müğənni həm də yeni layihələrindən, filmdə oynamağından və Asya Alizade ilə Bakıda görüşəcəyindən danışıb:

“Yanvar ayından bəri beləyəm. Bu çəki məsələsinə çox fikir vermirəm. Artıq çəkili vaxtlarımı da iki il gördünüz. Onda da önəm vermirdim. İndi də arıqlığım müzakirə olunur. Nə etsək, bir şey deyilir. Özümü indi belə bəyənirəm.   Yeni layihələrim var. İndi oxuyacağım “Mayhoş” noyabrın sonuna doğru çıxacaq. Sonra yanvar və fevral aylarında da mahnılarımız yayımlanacaq. 2025-də albomum işıq üzü görəcək. “Yabancılar” çıxacaq. Bir film çəkirik, özümü oynayıram. Özümü oynadığım təqdirdə problem yoxdur.  Alizade gəlir, sabah görüşəcəyik, o da izləməyə gələcək, birlikdə olacağıq”. 

Samirə Ərəblinskaya

Video: Soltan İbrahimov

Chosen
29
2
olay.az

8Sources