EN

Gürcüstanda seçki məntəqəsində dava düşüb

Gürcüstanın Zuqdidi şəhərindəki 9 saylı seçki məntəqəsində müxalifətçi deputat Anna Tsitlidze ilə yerli müşahidəçilərdən biri arasında toqquşma baş verib.

Musavat.com xəbər verir ki, bu barədə “Sputnik” xəbər agentliyi məlumat yayıb.

Vahid Milli Hərəkat Partiyasının üzvü Tsitlidze brifinq keçirib və bildirib ki, yerli təşkilatlardan iki müşahidəçi qanunsuz olaraq siyahıdan çıxarılıb.

Seçki komissiyasının sədri müşahidəçilərin kənarlaşdırılmasını bir məntəqədə bir təşkilatdan birdən artıq nümayəndənin ola bilməməsi, həmçinin həmin müşahidəçilərin seçicilərin şəxsiyyət vəsiqələrini yoxlayaraq səsvermə prosesinə müdaxilə etməsi ilə izah edib.

Qeyd edək ki, bu gün Gürcüstanda 150 parlament üzvü seçilir. Mandatlar beş faizlik baryeri keçən partiyalar arasında bölüşdürüləcək. Parlament seçkiləri ilə yanaşı, Acarıstan Muxtar Respublikasının Ali Şurasına seçkilər, Samtredia və Çoxatauri rayonlarının məclisləri üçün isə aralıq seçkiləri keçirilir. Seçkiləri 1700-dən çox beynəlxalq müşahidəçi və 111 yerli təşkilatdan 23 mindən çox nümayəndə izləyir.

Bundan əvvəl Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili oktyabrın 26-da keçiriləcək seçkilərdən sonra gözlənilən dövlət çevrilişi barədə məlumat vermişdi. Onun sözlərinə görə, iğtişaşlara səbəb müşahidəçi qeyri-hökumət təşkilatlarının hərəkətləri olacaq. Eyni zamanda, respublikanın baş naziri İrakli Kobaxidze Gürcüstanda müxalifətin parlament seçkilərindən sonra ölkədə iğtişaşlar təşkil etmək üçün resursunun olmadığını bildirib.

Musavat.com

Chosen
19
50
musavat.com

10Sources