EN

Qarabağda “Arximed” qurğusu işə salınıb

Bölgədə “ağıllı” enerji şəbəkəsi yaradılır

Energetika Nazirliyinin məlumatına əsasən, azad olunmuş ərazilərdə ümumi gücü 636 kilovat olan “Arximed” qurğusu, 300-dən çox fərdi yaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 2000 kilovatdan çox olan günəş enerjisi sistemləri, günəş enerjisi əsaslı, enerji səmərəli işıq dirəkləri, “ağıllı dayanacaqlar”, elektrikdoldurma məntəqələri quraşdırılıb.

Məlumatda qeyd edilir ki, reallaşdırılan layihələr davamlı proseslərdir və bütün səylər bu innovativ təcrübənin geniş tətbiqinə, azad edilmiş ərazilərin enerji səmərəliliyində nümunəvi bölgəyə çevirməyə səfərbər olunub. Qarabağ və Şərqi Zəngəzurun xalis sıfır emissiyalı “yaşıl” enerji zonası kimi qurulması 2050-ci ilə karbon emissiyalarının 40 faiz azaldılması hədəfinə doğru aparan yolun əhəmiyyətli hissəsi kimi qarşıya mühüm vəzifə kimi qoyulub.

Hidroenerji potensialı yüksək olan Qarabağ və Şərqi Zəngəzurda su elektrik stansiyaları bölgənin təmiz enerji təminatının əsas mənbəyidir. Bu regionların elektrik enerjisi tələbatı 100 faiz “yaşıl” enerji hesabına təmin edilir və tələbatdan artıq qalan həcm ölkə enerji sisteminə ötürülür.

İşğaldan azad edilən ərazilərdə indiyə kimi 270 meqavat gücündə 32 su elektrik stansiyası istismara verilib. Bu, il ərzində 600 milyon kilovat-saatdan çox “yaşıl” enerjinin istehsalı, 160 milyon kubmetrdən artıq təbii qaza qənaət edilməsi, atmosferə atılan karbon qazının həcminin isə 330 min tondan çox azalması deməkdir.

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli sərəncamı ilə təsdiqlənən “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın 2024−2027-ci illərdə həyata keçirilməsi üzrə Tədbirlər Planı bu ərazilərdə daha 28 su elektrik stansiyasının tikintisini nəzərdə tutur. Onlardan ümumi gücü 37,5 meqavat olan 6 kiçik su elektrik stansiyasının tikintisi aparılır. Bundan başqa, kiçik su elektrik stansiyalarının bərpasına özəl investisiyanın cəlb edilməsi istiqamətində Kəlbəcər və Laçında Həkəri və Tərtər çayları üzərində yerləşən 5 kiçik su elektrik stansiyasının bərpa edilərək istismara verilməsi ilə bağlı Türkiyənin “Demirören Yatırım Holding A.Ş.”, “Arges Enerji Team” MMC və Azərbaycan İnvestisiya şirkətləri arasında ötən ilin dekabrında imzalanmış müqaviləyə əsasən Laçında kiçik su elektrik stansiyalarından birinin təməli qoyulub, digər stansiyalarla bağlı müvafiq tədbirlər görülür.

Bütün bunlarla bərabər, bu ilin mayında açılışı olan “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının, yaxın perspektivdə istifadəyə veriləcək 140 meqavat gücündə su elektrik stansiyalarının Şərqi Zəngəzurun “yaşıl” enerji zonası kimi inkişafının mühüm elementləridir. Ümumi gücü 500 meqavat olan 5 günəş, eləcə də külək elektrik stansiyalarının inşası ilə bağlı planlar üzrə investorlarla əməkdaşlıq da bu strateji bölgəni “yaşıl” enerjinin istehsalı və ixracının mühüm mərkəzlərindən birinə çevirəcək.

 

Chosen
8
2
xalqqazeti.az

3Sources