EN

Paşinyan Kazanda Əliyevlə görüşdən qaça bilməzdi- bunu Moskvada və Londonda etmişdi...

Image

Paşinyana Əliyevlə görüş üçün bazarlığa vaxt lazım idi

Oktyabrın 24-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub.

Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün qədər tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.

Məlum olduğu kimi, Nikol Paşinyan və İlham Əliyevin bundan əvvəl Londonda və Moskvada görüşmək imkanları var idi. Lakin Paşinyan bu iki fürsətdən yararlanmaq imkanından istifadə etmədi. Amma Moskvada görüşmək imkanından cəmi bir neçə həftə sonra Paşinyan görüşə razılıq verdi və bu görüş hər iki tərəf üçün nikbin mesajlarla sonlandı.

Maraqlıdır, nə dəyişdi ki, Paşinyan Kazanda görüsə razılaşdı?

Fikrimizcə, London və Moskva görüşlərinin təxirə salınmasının əsas səbəbi baş nazirin görüşə hazır olmaması idi. Paşinyanın əvvəlki iki görüşdən yayınmasının iki əsas səbəbi var idi. Bunlardan biri daxili, digəri isə xarici amillə bağlıdır.

Birincisi, heç kimə sirr deyil ki, Paşinyan hakimiyyəti daxildə bir qədər kövrəkdir. Onun rəqibləri kifayət qədər maliyyə imkanlarına malik Koçaryan-Sarkisyan birliyinin ətrafındakı adamlardır. Amma onların cəmiyyətdə o qədər də ciddi sosial dayağı yoxdur. Bununla belə, Paşinyanın reytinqi də 2018-ci ildəki 75 faisdən 60 faizə qədər düşüb. Bu reytinqlə Nikol müharibəni uduzandan sonra seçkini uda bildi. Paşinyan seçkini udsa da, reytinqi azaldığına görə işini ehtiyatlı görərək, gözləmə mövqeyi tutdu ki, onu devirmək istəyən qüvvələrin gücünü görsün. Sülh sazişi, sözsüz ki, güzəştlər tələb edir. Hər bir güzəşt isə hakimiyyətin əleyhinə işləyir, müxalifətin kəskin tənqidlərinə əsas verir. Bu ilin yazında Qalustyan hərəkatı uğursuzluğa düçar olduqdan sonra hakimiyyət cəsarətləndi və delimitasiya güzəştinə getdi. Amma yazda müxalifət söz vermişdi ki, payızda həlledici döyüş olacaq. Lakin müxalifətin "payız döyüşü" yazdakından da zəif oldu. Axırıncı mitinq və yürüşlər bir həftə əvvəl sona çatdı. Bu proses Paşinyan hakimiyyətini cəsarətləndirdi və sülh danışıqlarının davam etdirilməsinə qərar verildi.

Diqqət edirsinizsə, iki gün əvvəl Alen Simonyan parlamentdəki nitqində Azərbaycanın Qarabağa hücumunun legitimliyi barədə işarə verdi. Müxalifət dərhal etiraz edəndə isə o dedi ki, Azərbaycanın Qarabağa hücumunun arxasında BMT-nin üç ya dörd qətnaməsi dururdu. Bu təsadüfi deyilmiş söz deyil. Fikrimizcə, bu, cəmiyyətin sülh güzəştlərınə hazırlanmasının bir elementidir. Paşinyan hakimiyyəti erməni cəmiyyətini reallıqla barışmağa sövq edir. Açığını deyək ki, bu onlarda əsasən alınır, müxalifətin zəifləməsi isə bu fürsəti daha da genişləndirir. İndi Paşinyan hakimiyyəti tam əmindir ki, erməni cəmiyyəti qisas almaq, yenidən döyüş meydanına girmək fikrində deyil.

Fikrimizcə, bundan sonra Paşinyan qarşıdakı bir il ərzində Azərbaycan və Türkiyə ilə münasibətləri inkişaf etdirib, komminikasiyaların açilmasına çalışacaq ki, cəmiyyətdə azalan reytinqini bərpa etsin və 2026-cı ildə qalib gəlmək əzmində arxayınlıqla seçkilərə getsin.

Xarici amil isə ondan ibarətdir ki, Minsk Qrupunun həmsədr ölkələri əvvəl bölgəni idarəedilən münaqişə modeli vasitəsilə idarə etməkdə qərarlı idilər. Bu üsuldan birinci növbədə Rusiya, ikinci növbədə - arxa planda isə ABŞ və Fransa istifadə edirdi. Rusiya dörd il əvvəl anladı ki, bu mexanizm işləmir. Müharibədə mümkun qədər neytral mövqe tutdu, sonra isə sülhməramlıları bölgədən çıxartdi və Azərbaycanla bərabərhüquqlu münasibət quraraq, əlverişli iqtisadi-coğrafi mövqeyimizdən yararlanmağa başladı.

ABŞ və Fransa isə son vaxtlara qədər bölgəni qeyd etdiyimiz köhnə modellə idarə etməkdə israrlı idi. Ona görə də "etnik təmizləmə", "Qarabağ ermənilərini hüquqları", "insan hüquqlarının pozulmsı" və s. saxta arqumentlərlə hələ də Azərbaycanın üstünə hücum edirdilər. Amerika da artıq əmin oldu ki, bu mexanizm işləmir. Bəlkə də Baydenin məktubundakı sirr elə bununla bağlıdir. Yəni Amerika Ermənistana güzəştə getməyə icazə verməyi təklif edib. Yəni artıq Amerika münaqisə vasitəsi ilə deyil, regiona başqa üsullarla gəlməyi qərara alıb.

İndi Ermənistanın əsas hədəfi Türkiyə ilə sərhədlərin ən qısa zamanda açılmasıdir. Buna isə Azərbaycanla sülh müqaviləsi bağlanmadan, Zəngəzur yolu açilmadan nail olmaq mümkün deyil.

Hesab edirik ki, bu iki amilin təsiri altında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində gedən prosesə yaşıl işıq yandırılıb.

Akif NƏSİRLİ





Chosen
35
50
baki-xeber.com

10Sources