EN

Kazanda verilən TƏLİMAT: Bu ilin sonuna kimi… – FOTOLAR

Oktyabrın 24-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub. Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılması, o cümlədən sülh sazişi, sərhədlərin delimitasiyası və demarkasiyası, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.

Politoloq Natiq Miri ABŞ Prezidenti Co Baydenin cəmi bir neçə gün əvvəl Azərbaycan və Ermənistan liderlərinə ünvanladığı məktub fonunda Kazanda tərəflər arasında keçirilən son görüşü, cari ilin sonuna kimi sülh sazişinin imzalanması barədə iddiaları Medianews.az-a şərh edib.

O qeyd edib ki, ilin sonuna qədər yekun sülh sazişinin imzalamaq mümkün olmayacaq. Politoloqun qənaətincə, razılaşdırılan məqamlar sadəcə Azərbaycanın beynəlxalq hüquq prinsipləri çərçivəsində təklif etdiyi 5 prinsip çərçivəsində tərtib olunur: “Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün nəzərdə tutulan, hələlik 16 müddəası razılaşdırılan, müzakirə predmeti olan sənəd yekun sənəd deyil. Azərbaycanın maraqlarını ifadə edən bir çox məsələlər var ki, bu sənəddə ehtiva olunmalıdır. Yəni, Azərbaycana təzminat, 30 illik işğala görə üzr istənilməsi, digər beynəlxalq hüququn tələbi olan bir çox məsələlər burada yer almalı, ölkəmizə qarşı ərazi iddialarının perspektivinin üstündən birdəfəlik xətt çəkilməlidir. Çünki, Ermənistanda siyasi konyunktura dəyişə bilər. Bu siyasi konyunktura dəyişdiyi təqdirdə, mövcud konstitusiya həmin sülh sənədini kağız parçasına döndərəcək. Ona görə də Azərbaycana hüquqi təminatlar lazımdır. Bu hüquqi təminat isə yalnız konstitusiyanın dəyişdirilməsi ilə mümkündür. Konstitusiyanın dəyişdirilməsi də ümumxalq səsverməsi, referendum yolu ilə baş tutmalıdır. Təbii ki, bu da zaman məsələsidir. Nikol Paşinyanın verdiyi qərara görə, Ermənistan konstitusiyasında sadəcə bir necə müddəanın dəyişdirilməsi deyil, bütövlükdə yeni konstitusiyanın mətninin hazırlanması gündəmdədir”.

N.Miri bildirib ki, Ermənistan konstitusiyasının dəyişdirilməsi 2027-ci ilə təsadüf edə bilər: “Bu, əlbəttə ki, Azərbaycan üçün keçərli deyil. Buna görə də yekun sülh sazişinin cari ilin sonuna qədər imzalanması qeyri-realdır. Aralıq sənəddən söhbət gedə bilər. Ən azından normal münasibətlər sistemi qurmaq və münasibətləri tənzimləmək üçün indiyə qədər razılaşdırılmış məqamları sənəd çərçivəsində paraflamaq, qeyd etmək olar. Ermənistan rəhbərliyi üzərinə konkret öhdəliklər götürərsə, hətta çərçivə sülh sazişi də imzalana bilər. Təbii ki, Azərbaycana bununla bağlı çox ciddi zəmanətlər lazımdır. Bütün bunları nəzərə alaraq, Azərbaycan və Ermənistan liderlərinin Kazan görüşünün nəticəsi olaraq, hansısa ciddi nəticənin əldə edildiyini düşünmürəm. Ancaq həqiqətən də Ermənistan rəhbərliyi yazılı qaydada, xüsusilə də çərçivə sülh sənədində qeyd olunması və konkret zaman göstərilməsi şərti ilə üzərinə öhdəlik götürərdisə, ola bilərdi ki, Azərbaycan Prezidenti də aralıq sənədin imzalanmasına razılıq versin. Lakin Nikol Paşinyanın açıqlamaları bunun baş verəcəyini inkar edirdi. Məsələn, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası ilə bağlı erməni baş nazir Kazanda verdiyi açıqlamada yenə də özünün konkret qəbul etdiyi notlar üzərində fikirlər səsləndirdi. Yəni, biz Azərbaycandan Azərbaycana keçid prinsipi çərçivəsində bu keçidin təmin olunmasını istəyiriksə, buna alternativ olaraq Ermənistan və onun ağıl verənləri ortalığa bir alternativ atıblar. Bunun adı “dünya və sülh kəsişməsidir”. Bu, Ermənistanın geosiyasi əhəmiyyətini artırmağa hesablanıb. Bunu ABŞ-də istəyir. Lakin bu, Azərbaycana sərf edirmi? Rəsmi Bakı indiki vəziyyətdə Zəngəzur dəhlizinin açılması olmazsa olmaz deyil. Naxçıvanla əlaqələr İran üzərindən də qurula bilər və bu yöndə anlaşma var. Araz boyu dəmir yolu xəttinin çəkilməsi danışılır və icra ərəfəsindədir. Üstəgəl, Bakı-Tbilisi-Qars və Qarsdan da Naxçıvana əlavə dəmir yolunun çəkilməsi razılaşdırılıb. 2025-ci ildə Türkiyə tərəfindən inşaat işlərinə başlanılacaq. Dəmir yolu ilə Azərbaycandan çıxaraq Naxçıvana getmək mümkün olacaq. Əgər Ermənistan öz iddialarında qalmağa davam edəcəksə, heç bir sülh sazişi olmayacaq”.

Politoloq söyləyib ki, C.Baydenin İ.Əliyevə yolladığı məktubda sülh sazişinin tezliklə imzalanması ilə bağlı müraciəti Azərbaycan üçün heç nə ifadə etmir: “ABŞ prezidenti istədi deyə Azərbaycan heç bir hüquqi təminatı olmayan yarımçıq bir sənədi imzalamaz. Co Bayden bu gün var, sabah yoxdur. Ancaq Ermənistanın Azərbaycana ərazi iddiası ilə bağlı potensial təhlükə hələ də mövcuddur. Ona görə də Baydenin sadəcə tribunaya çıxıb “30 illik münaqişəni bitirdim” fikrinə və kiçik də olsa özünə uğur tarixi yazmasına görə Azərbaycan öz milli maraqlarını təhlükəyə ata bilməz. Baydenin məktubu burada heç nə ifadə etmir. ABŞ öz maraqlarını güdə bilər. Bu ABŞ-nin spesifik xüsusiyyətidir, bunu hər zaman edib. Ancaq mütləq deyil ki, Azərbaycan ABŞ-nin istəklərini yerinə yertirsin. Birləşmiş Ştatlar bitərəf rolunu çoxdan itirib. Fransa kimi ABŞ də birtərəfli mövqe ortaya qoymaqla, tərəfsizlik fəlsəfəsini tamamilə məhv edib. Bu gün ABŞ birmənalı olaraq Ermənistan tərəfindən çıxış edir. Ermənistanın təhlükəsizliyinin təmin olunması adı ilə bu ölkəyə silah satılmasını və göndərilməsini təmin edir. Məgər bu, Azərbaycana təhlükə törətmir? Ona görə də ABŞ-nin müsbət və ya mənfi yöndə hədələrinə, təzyiqlərinə rəğmən, Azərbaycan özünün milli maraqları kontekstində hərəkət edəcək”.

Nailə QASIMOVA

Chosen
30
medianews.az

1Sources