EN

Gürcü Arzusu qalib gəlsə, Qərb hansı addım atacaq?

Gürcü Arzusu Partiyası heç vaxt Qərbdən imtina etdiyini deməyib, onların konstitusiyasında AB və NATO-ya üzvlük hədəfi yer alıb. Gürcüstanda Qərbin biznes və media institutları işləyir. Son hadisələr isə Gürcüstan cəmiyyətinin tələblərinin hökumət tərəfindən yerinə yetirildiyini göstərir. Yəni əhali müharibə istəmir və Rusiya ilə ticari münasibətlər qurmaq niyyətindədilər.

Bu sözləri Axar.az-a iqtisadçı Natiq Cəfərli Gürcüstandakı seçkilərlə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, indiki hakimiyyəti heç də ruspərəst adlandırmaq düzgün deyil:

“Gürcü Arzusu hökumətinin Rusiyaya inteqrasiya ilə bağlı hansısa konkret addımlar atdığı müşahidə olunmur. Gürcüstan hökumətinin təklif etdiyi qərarlara əhalinin bir qismi rəğbətlə baxır. Çünki Avroatlantik məkana inteqrasiya milli dəyərlərdən vaz keçmək demək deyil. Gürcüstan çox konservativ, mühafizəkar və dindar cəmiyyətdir. Əhali Rusiya ilə ticarətə maraqlıdır. İldə təxminən 1,4 milyon rusiyalı Gürcüstana səfər edir və bu, ölkəyə əhəmiyyətli gəlir gətirir. Gürcüstan məhsullarını Rusiyada satmaq istəyir və bu səbəbdən Rusiya ilə münasibətlərdə gərginlikdən qaçır. Müxalifət isə hökuməti ruspərəst adlandırır, amma Gürcüstan MDB, Gömrük İttifaqı və KTMT kimi Rusiyanın təsir dairəsində olan təşkilatlara daxil deyil. Ermənistanda isə vəziyyət tam əksinədir”.

Ekspertin sözlərinə görə, Qərbin seçki öncəsi Gürcüstana təzyiqləri təsadüfi deyil:

“Qərb Gürcüstana təzyiq göstərməyə çalışır, lakin cəmiyyətin istəkləri nəzərə alınmalıdır. Qərb özü də birmənalı deyil. ABŞ və Avropa Birliyinin münasibətlərində fərqlər görürük. Avropa daha çox təzyiqə meyillidir. Avropada bu açıqlamalarla cəmiyyətə təsir etmək istəyir ki, bax, vizasız gediş-gəliş istəyirsənsə, müxalifətə səs ver. Bəyanatlar buna hesablanıb. Düşünmürəm ki, Gürcü Arzusu demokratik seçkilər nəticəsində qalib gələrsə, AB ilə münasibətlər korlanacaq. Sadəcə, indi, bu tipli bəyanatlarla seçkilərdən öncə, sanki insanları müxalifətə səs verməyə yönləndirməyə çalışırlar.

Qərblə münasibətlərin pisləşməsinə səbəb iki qanun layihəsi – xarici agentlər haqqında və azlıqların hüquqları ilə bağlı olub. Bu qanunu qəbul edən həmin parlament 2020-ci ildə seçiləndə Avropa Birliyi demokratik örnək yaratdığı üçün Gürcüstanı alqışlamışdı. İndi xalqın seçdiyi parlament qanun qəbul edib. Əgər Qərb demokratiyaya inanırsa, xalqın seçdiyi parlamentin qəbul etdiyi qanunlara da hörmətlə yanaşmalıdır. İndi əhali Gürcü Arzusuna səs verəcəksə, xalqın seçdiyi parlament formalaşacaqsa, beynəlxalq müşahidəçilərin gözü qarşısında normal, sivil seçkilər baş tutacaqsa, Qərb buna nə deyəcək? Yeri gəlmişkən, şansları da olduqca yüksəkdir. Gürcüstanda tam proporsional seçki sistemi tətbiq olunur. Gürcü Arzusuna birbaşa müttəfiq olmayan, lakin ideya daşıyıcıları eyni olan partiyalar da var. Əgər bu partiyalardan bəziləri parlamentə daxil olsa, Gürcü Arzusu yeni bir koalisiya qura bilər. Ola bilər təkbaşına hökumətdə qalmasın. Amma koalisiya şəklində hökuməti yenidən formalaşdıra bilər.

Beləliklə, bu seçki təkcə Gürcüstan üçün deyil, həm də Qərbin demokratik dəyərlərini sınağa çəkir”.

Ekspert qeyd edib ki, Gürcüstanda istər seçki zamanı, istər seçkilərdən sonra sabitlik Azərbaycan üçün də arzuolunandır:

“Azərbaycan nöqteyi-nəzərindən baxsaq, Gürcüstanda sabitlik olmasında, seçkilərdən sonra aranın qarışmamasında biz də maraqlıyıq. Çünki Gürcüstan Azərbaycanın təbii iqtisadi uzantısıdır. Bizim əsas logistik körpümüzdür və oradakı sabitlik ölkəmiz üçün vacibdir”.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri sabah – 26 oktyabrda keçiriləcək.

Chosen
9
50
axar.az

10Sources