EN

Bakı-Ələt magistralının kənarındakı boş ərazidə növbəti ağacəkmə aksiyası təşkil edilib

Bakı, 24 oktyabr, AZƏRTAC

Bakı şəhər və Qaradağ rayon icra hakimiyyətlərinin təşkilatçılığı ilə paytaxtın Qaradağ rayonunda Bakı-Ələt magistral yolunun kənarındakı boş ərazidə növbəti ağacəkmə aksiyası keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, keçirilən aksiyada icra qurumlarının əməkdaşları tərəfindən iqlim şəraitinə uyğun olaraq seçilmiş Eldar şamı və oleandr kolları əkilib. Yeni əkilən kollara və ağaclara aqrotexniki qulluq göstərilməsi, onların qorunması və suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər görülüb.

Bildirilib ki, yaxın gələcəkdə bu ərazidə əkilən ağaclar və kollar Bakı şəhərinin əsas giriş istiqaməti olan Bakı-Ələt magistral yolunu daha da gözəlləşdirəcək, sakinlərimizin və şəhərimizin qonaqlarının zövqünü oxşayacaq.

Ölkə ərazisində “Yaşıl bir dünya üçün həmrəy olaq!” şüarı ilə oktyabrın 18-27-də keçirilən genişmiqyaslı ağacəkmə aksiyalarında Bakı şəhərinin və paytaxt rayonlarının icra hakimiyyətləri də yaxından iştirak edirlər.

Qeyd edilib ki, “Yaşıl dünya naminə həmrəylik ili” elan edilən 2024-cü il ərzində ölkə ərazisində mütəmadi olaraq keçirilən ağacəkmə aksiyalarında yüz minlərlə yeni ağac və kollar əkilib. Bu işlər paytaxtda da geniş vüsət alıb. Bakı şəhərin müxtəlif ərazilərində, park və istirahət bağlarında, prospekt və küçələrin kənarında yerli iqlimə uyğun ağaclar, kollar və güllər əkilib.

Chosen
12
5
azertag.az

10Sources