EN

Gələn il 2 Günəş və 2 Ay tutulması olacaq

2025-ci ildə Yerdə iki Günəş və iki Ay tutulması baş verəcək.

Bu barədə Yenicag.az-a Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Qeyd edilib ki, 2025-ci ilin birinci Günəş tutulması martın 29-da olacaq. Bu tutulma qismən Günəş tutulmasıdır. Tutulma martın 29-u saat 12:50:35-də başlayıb, saat 16:43:25-də sona çatacaq. Tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edəcək.

Qeyd edilib ki, tutulmanın maksimumu saat 14:48:36-da olacaq. Qismən tutulma Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanından görünəcək. Tutulma hadisəsi Azərbaycan ərazisində müşahidə olunmayacaq.

2025-ci ilin ikinci qismən Günəş tutulması sentyabrın 21-də baş verəcək. Tutulma hadisəsi sentyabrın 21-i saat 21:29:32-də başlayıb, sentyabrın 22-si saat 01:53:33-də sona çatacaq. Tutulma hadisəsi 4 saat 22 dəqiqə davam edəcək. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43:04-də olacaq. Tutulma hadisəsi Sakit okean, Yeni Zellandiya və Antarktidada görünəcək. Tutulma Azərbaycan ərazisindən müşahidə olunmayacaq.

Məlumata görə, 2025-ci ilin ilk Ay tutulması martın 14-də baş verəcək. Bu, tam Ay tutulmasıdır. Tutulma hadisəsi saat 09:09:33-də başlayıb, 12:47:48-də sona çatacaq. Tutulma hadisəsi 3 saat 38 dəqiqə çəkəcək. Tutulmanın maksimumu saat 10:59:56-da baş verəcək. Tam tutulma hadisəsi Sakit okean, Amerika, Qərbi Avropa, Qərbi Afrikada müşahidə olunacaq. Bu tutulma zamanı Ay üfüqdən aşağıda olduğu üçün Azərbaycandan müşahidə olunmayacaq.

2025-ci ilin ikinci tam Ay tutulması sentyabrın 7-də baş verəcək. Tutulma sentyabrın 7-si saat 20:27:02-də başlayıb, 23:56:26-də sona çatacaq. Tutulma hadisəsi 3 saat 29 dəqiqə 24 saniyə çəkəcək. Tutulmanın maksimumu saat 22:12:58-də baş verəcək. 2025-ci ilin 2-ci tam Ay tutulması Avropa, Afrika, Asiya və Avstraliyada görünəcək.

Azərbaycan ərazisindən axşam saatlarından başlayaraq gecə yarısına kimi tam Ay tutulmasını müşahidə etmək mümkün olacaq.

Chosen
9
49
yenicag.az

10Sources