EN

Tropik qasırğa Filippində güclü daşqınlara səbəb olub

Tropik

Bakı, 23 oktyabr, AZƏRTAC

Filippinə yaxınlaşan “Trami” tropik qasırğası ölkənin şərqində güclü yağıntılara və daşqınlara səbəb olub.

AZƏRTAC “Associated Press” agentliyinə istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində Masbate əyalətində bir nəfər ölüb, yeddi nəfər isə itkin düşüb.

Hakimiyyət orqanları kəskin hava şəraiti səbəbindən arxipelaqın ən böyük adası olan Lusonda məktəbləri və dövlət idarələrini bağlayıb. Paytaxt Manila da daxil olmaqla, ölkənin şimalında və mərkəzi hissəsindəki bəzi əyalətlərdə tufan xəbərdarlığı edilib.

Filippin Prezidenti Rodriqo Duterte çərşənbə gününə planlaşdırılan bütün görüşləri ləğv edib və əhalinin təhlükəli ərazilərdən təxliyəsi ilə bağlı tədbirləri müzakirə etmək üçün təcili iclas çağırıb.

Son məlumatlara görə, hazırda qasırğa Luson adasının şərqindəki Baler şəhərindən təxminən 310 kilometr məsafədədir. Qasırğanın mərkəzində küləyin sürəti saatda 85-105 kilometrə çatır. Sinoptiklərin məlumatına görə, gün ərzində bölgəyə 20 santimetr yağıntı düşə bilər.

Fırtınanın oktyabrın 24-ü gecə saatlarında Aurora əyalətinə çatacağı, daha sonra isə Luson adasının şimalına keçəcəyi gözlənilir.

 

Chosen
11
1
azertag.az

2Sources