EN

Öcalanın çağırışından sonra PKK silahı yerə qoyacaq? – YPG terror təşkilatı ilə bağlı NÜANSLAR

“Kürdlərlə Abdullah Öcalan üzərindən yeni dizaynda Səlahəddin Demirtaş olmadan həll yolu mümkün deyil. Ümumiyyətlə, son illərdə Türkiyə daxilində gedən proseslərdə açıq-aşkar kürdlər üçün Demirtaşın daha önəmli lider kimi ortaya çıxdığı görünür”.

Yenicag.az xəbər verir ki, bu barədə “Caucasian Live” “Telegram” kanalı məlumat yayıb.

Bildirilir ki, A.Öcalan Türkiyə dövləti tərəfindən lazım olan zaman kürdlərə mesajlarını çatdırmaq üçün istifadə olunsa belə, onun PKK-ya təsiri hazırda məhduddur:

“PKK silahı yerə qoyacaqsa, bunu Öcalanın çağırışına görə deyil, oyun qurucuların belə istədiyi üçün edə bilər. Üstəlik, Öcalanın psixi durumu PKK bazası arasında belə mübahisə yaradacaq. Belə bir bəyanat hətta təşkilatda çat da yarada bilər. Başqa tərəfdən isə Suriyada formalaşdırılmış və dövlət içərisində dövlətə çevrilən YPG artıq ayrıca və xüsusi strukturdur. Çünki YPG PKK-dan fərqli olaraq, dünya tərəfindən terror təşkilatı kimi tanınmayan, ABŞ tərəfindən təlim keçmiş, böyük silah gücünə və döyüş təcrübəsinə malik xüsusi qrupdur ki, onların hazırkı heyətinin hamısı da Öcalanı dinləməyəcək”.

Kanalın analitikləri yazır ki, YPG-nin bu hallara gəlməsində vaxtilə onunla əməkdaşlıq etmiş və sonra isə terror təşkilatı kimi tanımış Türkiyə hökumətinin də səhvləri var:

“Kütlənin Öcalanın çağırışını qəbul etməsi üçün bu bəyanatı daha “rasional” birisi təkrarlamalıdır. Burada isə Demirtaş oyuna girməlidir. Türkiyə öz cəbhəsindən oyun qurmaq istəyir, lakin PKK, ABŞ, İngiltərə, İsrail kimi aktorlar da öz oyunlarını quracaqlar.

Balansın əks tərəfində isə İran cəbhəsinə qarşı formalaşacaq dairə olacaq, Digər tərəfdən də İsrailin “vəd edilən torpaqlar” üçün apardığı səyləri. Bu arada, İran, İraq və Suriyadakı PKK/YPG birləşmələri Aralıq dənizinə qədər uzanan bir xətt formalaşdırıb”.

Qeyd edək ki, YPG PKK terror təşkilatının Suriya qolu olaraq bilinir. YPG Türkiyə tərəfindən PYD ilə birlikdə terror təşkilatı kimi tanınır. YPG həmçinin Qətərin terror təşkilatları siyahısındadır. YPG insan haqları təşkilatları tərəfindən hərbi cinayətlər törətməkdə, o cümlədən yetkinlik yaşına çatmayan uşaqlardan terrorçu kimi istifadə etməkdə, etnik təmizləmədə və yerli əhalinin məcburi köçkünlüyündə, beynəlxalq hüququ və insan hüquqlarını pozmaqda ittiham olunur.

Rafi Müslümov

Chosen
22
yenicag.az

1Sources