EN

Partiyalar üç aydan bir bu qədər vəsait alacaq

 

Parlamentə düşməyən siyasi təşkilatlara da maliyyə ayrılır; üç aydan bir təxminən 1500-2000 manat...

Azərbaycanda fəaliyyət göstərən, bu il keçirilən növbədənkənar parlament seçkilərində iştirak etmiş siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsinə start verilib.

Bu siyasi qurumlar içərisində Müsavat Partiyası da var. Müsavatdan başqa AĞ Partiya, Ümid, Azərbaycan Xalq Partiyası, Azərbaycan Demokrat Partiyası, Ədalət Partiyası, Müasir Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Yeni Zaman Partiyası, Gələcək Azərbaycan Partiyası, Haqq Ədalət Partiyası və Azad Vətən Partiyası da maliyyə yardımı alacaq.

Artıq qüvvəyə minən “Siyasi partiyalar haqqında” Qanuna görə, dövlət tərəfindən ayrılan vəsait aşağıdakı kimi bölünür:

- Vəsaitin 40%-i parlamentə düşən partiyalar arasında bərabər bölünür.

- Vəsaitin 50%-i deputatların sayına, yəni 125-ə bölünür və alınan nəticə parlamentdə təmsil olunan partiyalardan seçilən deputat sayına vurularaq həmin siyasi partiyalara verilir.

- Vəsaitin 5%-i təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Milli Məclisində təmsil olunan yeni siyasi partiyalara ayrılır.

- Vəsaitin 2,5 faizi isə parlament seçkilərində iştirak edən və namizədləri etibarlı səs qazanan, lakin parlamentə düşməyən partiyalar arasında bərabər, yerdə qalan 2.5%-i isə həmin partiyalar arasında proporsional qaydada (yəni aldıqları səsə uyğun olaraq) bölünür.

Əvvəlki qanunda vəsaitin bölünməsi ilə bağlı ilk hissə, demək olar ki, eynidir. Burada əsas fərq parlamentdə təmsil olunmayan partiyalarla bağlıdır. Əvvəlki qanunda parlamentdə təmsil olunmayan partiyalar dövlətdən yardım almaq üçün seçkilərdə ən azı 3% səs qazanmalı idi. İndi bu qayda ləğv edilib və səs qazana bilən bütün partiyalara aid olacaq.

Qeyd edək ki, ötən il Azərbaycanda 26 siyasi partiya qeydiyyatda olub. 2024-cü ilin büdcəsindən partiyalar üçün 5 milyon manat vəsait ayrılıb.

Beləliklə, parlamentdə təmsil olunan və seçkidə müəyyən qədər səs alan, lakin parlamentə düşməyən partiyalara maliyyə ayrılır.

Tural

Tural Abbaslı 

AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, əvvəlki qanundan fərqli olaraq bu dəfə seçkidə iştirak edən və parlamentdə təmsil olunmayan partiyalar da dövlət büdcəsindən maliyyələşəcək: “Amma burada bir məsələ var ki, büdcədən partiyalar üçün ayrılan vəsaitin 90 faizi parlamentdə təmsil olunan partiyalara verilir, cəmi beş faizi parlament seçkilərində iştirak edən, lakin parlament təmsilçiliyi qazanmayan partiyalara ayrılır. Bu beş faizin də yarısı bütün partiyalara bərabər bölünür, o biri 2,5 faizi isə partiyalar arasında seçkidə yığdığı səslərə uyğun olaraq bölünür. Sonuncu parlament seçkilərində AĞ Partiya parlamentə düşməyən partiyalar içində ikinci ən çox səs alan partiyadır və bununla bağlı Maliyyə Nazirliyi artıq hesablamalar aparıb və bəlli bir məbləğ formalaşdırılıb. Və bizə ödəyəcəkləri ilə bağlı məlumat da verilib, bunun üçün bəzi sənədlər tələb olunub. Biz də o sənədləri təqdim edəcəyik ki, vəsait ödənişi həyata keçirilsin. Məbləğ hər ay yox, rüblük olaraq, yəni üç aydan bir ödəniləcək. Təxminən aya 1500 manat civarında vəsait düşür. Bir partiya üçün ayda 1500 manat böyük məbləğ deyil. Bunun maliyyə hesabatlarını  həll etmək üçün mühasibə veriləcək əmək haqqını nəzərə alanda isə partiyaya cüzi vəsait qala-qalmaya... Lakin yenə də heç nə olmamasındansa ən azından qanunda partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsinin əksini tapması müsbətdir. Ümid edirik ki, gələn ildən məbləğin artırılması üçün müvafiq addımlar atılar”.

Akif

Akif Nağı 

Azad Vətən Partiyasının sədri Akif Nağı  da  bildirdi ki, partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi müsbət bir haldır: “Siyasi partiyalar dövlət büdcəsindən maliyyələşdirilməyəndə mövcudluqlarını saxlamaq üçün başqa mənbələrdən vəsait axtarırlar və bu zaman çox vaxt xarici mərkəzlərin təsiri altına düşürlər. Ona görə də həm də belə olmaması üçün dövlət tərəfindən maliyyələşmə həyata keçirilməlidir. Amma dövlət büdcəsindən maliyyələşmə həmin partiyaların müstəqilliyinə əngəl törətməməlidir. Yəni hər kəs başa düşməlidir ki, maliyyə partiyalara qanun çərçivəsində verilir və maliyyənin verilməsi o demək deyil ki, partiyalar hansısa dövlət strukturları tərəfindən idarə olunacaq. Praktikadan da belə başa düşürəm ki, heç kəsi bunu düşünmür. Qanun qüvvəyə mindiyi və yeni Milli Məclisə seçkilər keçirildiyi üçün maliyyələşmə prosesi başlayır. Məbləğin necə bölünəcəyi ilə bağlı müxtəlif hesablamalar var və partiyalara hər ay büdcədən hansı məbləğdə vəsaitin veriləcəyini hələ dəqiq heç kim bilmir. Amma hər halda, təxmini hesablamalar aparanda belə görünür ki, elə də böyük məbləğ düşmür. Təxminən partiyalara ayda 2000 manat civarında dövlət büdcəsindən vəsait düşür. Kiçik məbləğdir, amma hər halda, dövlətin müsbət münasibətini göstərir. Siyasi partiyalar ən zəruri ehtiyacları həmin vəsaitlə ödəyə bilər. Başlanğıc üçün yaxşıdır. Amma gələcəkdə həmin məbləğin artırılması istiqamətində addımlar atılmalıdır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Chosen
6
4
musavat.com

10Sources