EN

Azərbaycanda bu yağ qadağan edilir?

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana 42 milyon 995 min ABŞ dolları dəyərində 36 min 705 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib.

Bu sahədə aparılan hesablamalara əsasən, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici həcm ifadəsində 54 % və ya 12 min 887 ton, dəyər ifadəsində isə 46.6 % və ya 13 milyon 672 min ABŞ dolları artıb. 2023-cü ilin ilk 8 ayında Azərbaycana 29 milyon 323 min ABŞ dolları dəyərində 23 min 818 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib.

Palma yağı əsasən Malaziya və İndoneziyadan idxal edilib. Son 30 ildə marqarin istehsalında trans yağların əsas əvəzedicisi rolunu oynayan palma yağı yeyinti sənayesi, xüsusilə də qənnadı məmulatları, dondurma, şokolad, xama, pendir, çips istehsalçıları tərəfindən geniş istifadə edilir. Son dövrlər müzakirəyə səbəb olan əsas mövzulardan biri isə palma yağının insan səhhətinə vurduğu zərərlərdir.

Məsələ ilə bağlı “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, palma yağı iki məqsədlə, sənaye və qida üçün istifadə olunur:

"Qida məqsədilə istehsal edilən yağda palmanın meyvəsindən, sənaye üçün isə palmanın dənələrindən istifadə edilir. Palmanın meyvəsindən hazırlanan yağlar qida üçün təhlükəsiz yağlardır. Hazırda MDB ölkələrində palma yağına qarşı ciddi basqı var. Məqsəd isə duru yağ bazarına ucuz yağ daxil olmasın. Palma yağından Azərbaycanda istifadə olunsa da, bu, istehsalçılar tərəfindən gizlədilir. Bu yağların üzərində "bitki yağı" yazılıb.

Buna görə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qarşısında məsələ qaldırmışıq ki, xüsusilə Rusiyadan gətirilən yağların tərkibində palma yağı olarsa, bu, məhsulun üzərində qeyd edilsin" .

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məshəti Hüseynova isə məsələyə münasibətdə "Cebheinfo.az"-a bildirib ki, günbəgün inkişaf edən dünyada qida çeşidliliyinin artması yaxşı bir hal deyil:

"Əksər hallarda qidaların daha ucuz xammaldan əldə olunması xüsusilə rəf ömrünün uzun olmasına hesablanmış istehsalın artımıdır. Palma yağından istifadəsi də məhz bu səbəbdəndir ki, həmin məhdulların rəf ömrü daha uzun olur və daha ucuz başa gəlir. Bir çox ölkələrdə məhsulların tərkibində palma yağından istifadə edilsə də, bəzi ölkələrdə uşaq qidalarında bu yağa qadağa qoyulub. 2016-cı ildə Avropa Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılmış araşdırmaya görə, qidalarında palma yağından istifadə edənlərin sağlamlığında müəyyən problemlər olub.

Hazırda da əksər paketlənmiş qidaların tərkibində, eyni zamanda restoranlarda qızardılmış yeməklərin tərkibində palma yağı olur. Bəzən bu hal gizlədilir. Belə olan halda da alıcılar aldıqları qidanın tərkibindən xəbərsiz olurlar. Təbii halda palma yağı A, E vitaminləri, doymamış yağ turşuları ilə zəngin olsa da, bu gün daha çox sənaye üsulu ilə emal, rafinə edilmiş palma yağları istifadə edilir. İnsan orqanizmi 20 yaşa qədər inkişaf prosesində olduğu üçün həmin yaşda insanların qəbul etdikləri keyfiyyətsiz yağlar, eləcə də qidalar, tərkibində qida maddələri olmayan məhsullar orqanizmin inkişafdan geri qalmasına və müəyyən xəstəliklərin erkən yaşda yaranmasına səbəb olur.

Palma yağından həddindən artıq istifadə edən insanların orqanizmində "pis xolesterin" kimi bilinən LDL-nin səviyyəsi yüksəlir. "Yaxşı xolesterin" dediyimiz HDL-nin səviyyəsi isə sürətlə aşağı düşür. Nəticə etibarilə, bu, bir sıra xəstəliklərin yaranmasına gətirib çıxarır".

Chosen
11
cebheinfo.az

1Sources