EN

Qərb Gürcüstanda qeyri-sabitlik yaratmaq istəyir - AÇIQLAMA

Gürcüstanda bu həftəsonu parlament seçkiləri keçiriləcək. Oktyabrın 26-da baş tutacaq parlament seçkiləri öncəsi ölkədə gərgin vəziyyət yaranıb. Hakimiyyət Qərb ölkələrinin seçkilərə müdaxilə edə biləcəyindən narahatdır.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, Qərb Gürcüstanda qarışıqlıq, qeyri-stabillik yaratmaq üçün bütün gücünü ortaya qoyub:

 

"Gürcüstan uzun müddət ona verilən vədlərin yığımında inkişaf etməyə çalışdı. Bütün gücləri və səyləri ilə Qərbə inteqrasiya yolunu tutdu. Qərbin onlar üçün vəd etdiyi böyük uğurların və nailiyyətləri qazanmağa çalışdı. Zaman ötdükcə isə artıq "Gürcü Arzusu" Partiyasının iqtidarı anlamağa başladı ki, bunlar sadəcə söz və vədlərdir, onların arxasında heç nə durmur. Əksinə daha geniş analiz ediləndə ABŞ-nin, Qərbin bir çox ölkələrin vədlərinin heç biri öz əksini tapmayıb. Onların təsiri olan ölkələrdə stabillik də gedib. Bu, özlüyündə Gürcüstan iqtidarının artıq daha rasional, milli maraqlarına söykənən siyasət həyata keçirməsinə səbəb oldu. Gürcüstan xüsusi xidmət orqanları bir neçə əməliyyatla daxildə QHT adı ilə qeydiyyatdan keçən və keçməyən bir çox təşkilatların Gürcüstanda başqa əməllərlə əlaqədar fəaliyyətlərini üzə çıxardı. Bu, özü də Gürcüstan hakimiyyətini hərəkətə keçirdi və onlar daxildəki belə anti-gürcü qüvvələri təmizləməyə və bunun üçün də qanunvericilik bazasını möhkəmləndirməyə istiqamətlənən addımlar atmağa başladılar. Təbii ki, həmin Qərb qüvvələri və Gürcüstanda destruktiv fəaliyyətlə məşğul olan təşkilatlar, insanlar, qruplar bundan narazı qalaraq, cürbəcür fəaliyyətlər icra etməyə başladılar. Qərb isə bütün gücü ilə Gürcüstana təzyiq göstərməyə çalışdı. Avropa İttifaqı, Avropa Şurası, ABŞ və digər beynəlxlaq təşkilatlar bu və ya digər formada Gürcüstanı bu yoldan döndərməyə və yenidən öz təsiri altında saxlamaq üçün addımlar atmağa başladılar. Qarşıdakı seçkilər zamanı Gürcüstanda qarışıqlıq, qeyri-stabillik yaratmaq üçün bütün güclərini ortaya qoydular".

Deputat vurğulayıb ki, indiki situasiyada Gürcüstan dövləti və iqtidarı diqqətli olmalıdır:

 

"Gürcüstan iqtidarı zaman-zaman deyirdi ki, seçkiöncəsi və sonrası dönəmdə heç vaxt həmin qüvvələrin iğtişaşlar yaratmaq cəhdlərinin qarşısını almağa hazırlaşırıq. Bütün gücümüzlə ölkəmizdə stabillik olması üçün çalışacağıq. Oktyabrın 26-da keçiriləcək Parlament seçkilərindən əvvəl təşkil olunan mitinqdə Gürcüstan hökuməti ilə tam əks mövqedə olan hazırki Prezident Salomi Zurabşvili də iştirak edib. Gürcüstan müxalifəti xalqı ayağa qalxmağa səsləyir. Zaman-zaman dilə gətirdiyimiz kimi Gürcüstanda mənfi ssenarinin hazırlandığı aydındır. Qərb institutları, anti-gürcü qüvvələr bütün güclərini ortaya qoyublar. Bütün mexanizmlərdən istifadə edirlər ki, seçki zamanı Gürcüstanda qeyri-stabillik yaratsınlar. Gürcüstanda "Gürcü Arzusu" Partiyası hakimiyyətdə qalmasın və digər qüvvələr hakimiyyətə gəlsin, beləliklə də öz planlarını Gürcüstanda həyata keçirə bilsinlər deyə addımlar atırlar. İndiki situasiyada Gürcüstan dövləti və iqtidarı diqqətli olmalıdır. Xüsusi Xidmət Orqanları və digər güc strukturları çox ayıq-sayıq çalışmalıdırlar. Təbii olaraq, iğtişaşlara yol verilməməlidir. Siyasi proseslər heç cür digər qeyri-qanuni məsələyə yol açmamalıdır. Seçicilər öz iradələri ilə səslərini verməlidirlər. Düşünürəm ki, xalqın iradəsi əsasdır. Bu, milli məsələdir. Gürcüstan çox çətin bir yolun astanasındadır. Xalq ikiyə bölünmüş formadadır. Müxalifəti də, iqtidarı da dəstəkləyən qüvvələr çoxdur. Amma əsas Gürcüstan dövlətidir, onun inkişafı və stabilliydir. Hazırda müxalifət Qərbdən maliyyələşir,onun tapşırıqlarını icra edir. Düşünürük ki, qonşu və dost Gürcüstanda bizim arzumuz dövlətin çiçəklənməsi, stabillik və xalqın iradəsidir. Qarşıdakı seçkilərdə Gürcüstan dövlətinə və xalqına uğur və naliyyətlər arzulayırıq".

Chosen
14
50
modern.az

10Sources