EN

Bakıda kirayə yolu ilə mənzil almaq istəyənlərə şad xəbər - 157 milyon manatlıq layihəyə başlanılır

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin alınması üçün hazırlıqlara başlayıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Fondun yaşayış sahəsinə dair tələbləri müəyyənləşib.

Vətəndaşların tələbatı nəzərə alınaraq yaşayış sahələrinin satınalınması Bakı şəhəri ərazisi üzrə (Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 412 nömrəli qərarı ilə təsdiq edilmiş Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədlərinə uyğun olaraq 7-ci və 8-ci zonalar üzrə) həyata keçiriləcək.

Təqdim ediləcək yaşayış sahələri eyni binada (və ya bina kompleksində) yerləşməlidir, fərqli bina (və ya bina komplekslərində) yerləşən yaşayış sahələrinin təqdim edilməsinə yol verilmir.

Təchizatçılar tərəfindən təklif edilən yaşayış sahələri mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və ya daşınmaz əmlaka dair təminat qeydinin aparılması barədə reyestrdən çıxarış əsasında təqdim edilməlidir.

Satın alınması nəzərdə tutulan yaşayış sahələrinin ümumi maksimal sayı 520 ədəd olmaqla, 1, 2, 3 və ya 4 otaqlı olmalıdır. Yaşayış sahələri binada (və ya bina kompleksində) yerləşən mənzillər olmalıdır.

Bina satmaq öhdəliyi ilə kirayəyə vermək məqsədilə satın alınacaq yaşayış sahələrinin yerləşdiyi çoxmənzilli yaşayış binası olmalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq 2013-cü il 1 yanvar tarixindən sonra inşa edilməlidir.

Binada (və ya bina kompleksində) sakinlər üçün avtodayanacaq mövcud olmalıdır. Binaya təhlükəsiz və rahat giriş-çıxış təmin edilməlidir. Binada sakinlər üçün həyətyanı sahə, uşaqlar üçün oyun yeri nəzərdə tutulmalı, o cümlədən yaşıllaşdırma və abadlıq işləri görülməlidir. 

Fond satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin alınmasının 157 000 000 manata başa gələcəyini proqnozlaşdırıb.

Xatırladaq ki, İKZF bundan əvvəl isə vətəndaşların tələbatını nəzərə alaraq Sumqayıt şəhəri üzrə də yaşayış sahələrinin satınalınması ilə bağlı hazırlıqlara başlayıb.

Chosen
14
7
iqtisadiyyat.az

8Sources