EN

Gürcüstan azərbaycanlılarının ikinci qrupu Şuşa və Ağdama səfər edib - VİDEO

Gürcüstan azərbaycanlılarının işğaldan azad olunan ərazilərə səfərinin növbəti ünvanı Şuşa və Ağdam olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ikinci qrupun səfəri ötən gün Xankəndi şəhərindən başlanıb. Bu gün səhər saatlarında isə qonaqlar üçün Şuşa şəhərində gəzinti təşkil edilib. Onlar Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıblar. Qonaqlara Şuşa şəhəri, onun işğal dövründəki vəziyyəti barədə məlumat verilib. Bildirilib ki, 30 illik işğal dövründə şəhərdəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpası da diqqətdə saxlanılır.

Qonaqlar, həmçinin Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı olan ərazi və qala divarları, Yuxarı Gövhər Ağa məscidi və İsa bulağı ilə tanış olublar. Cıdır düzünə gələn qonaqlar buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.

Günün ikinci yarısında qonaqlar Ağdam rayonunda olublar. Şəhər mərkəzində yerləşən Cümə məscidi ilə tanış olan qonaqlara məlumat verilib ki, 1868-1870-ci illərdə inşa edilmiş məscid də 30 illik erməni işğalı dövründə digər tarixi-dini abidələr kimi erməni vandalizminə məruz qalıb və erməni vandalları Ağdam Cümə məscidində mal-qara saxlayıblar. Şəhər işğaldan azad edildikdən sonra məscid Azərbaycan dövləti tərəfindən bərpa olunub. Qonaqlar Ağdam şəhərinin mərkəzi küçəsində ermənilərin yerlə-yeksan etdikləri binaların qalıqlarına da baxıblar. Məlumat verilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən biri olub. Lakin işğal zamanı Ağdam yerlə-yeksan edilərək xarabalığa çevrilib. İşğaldan azad edildikdən sonra Ağdamda geniş tikinti-quruculuq işlərinə start verilib. Hazırda şəhər mərkəzi ilə yanaşı, ətraf bir neçə kənddə də tikinti işlərinin aparıldığı və yaxın zamanlarda əhalinin Ağdama qayıdışının təmin olunacağı bildirilib.

Qeyd edək ki, sözügedən ərazilər üzrə qonaqların səfəri üç qrup olmaqla altıgünlük nəzərdə tutulub və ikinci qrupun səfəri bu gün başa çatıb. Onlar öncə Xankəndi şəhərində, sonra isə Şuşa və Ağdamda olublar.

1 / 15

Chosen
6
7
turkustan.az

10Sources