EN

Ekspert: Qərbin sanksiya təhdidləri Gürcüstanın daxili siyasətinə birbaşa müdaxilədir

Ekspert:

Qərb rəsmilərinin Gürcüstanla bağlı təhdid dolu bəyanatları parlament seçkiləri ərəfəsində insanlar arasında qorxu və panika yaratmaq, seçkilərin nəticələrinə təsir göstərmək məqsədi daşıyır.

Bunu APA-ya açıqlamasında gürcüstanlı ekspert Zaal Andcaparidze deyib.

O, bildirib ki, Avropa İttifaqı rəsmilərinin Gürcüstanla vizasız gediş-gəlişin dayandırılmasına dair bəyanatları, həmçinin Gürcüstana maliyyə yardımlarını dondurmaq qərarlarının yekun hədəfi hakim “Gürcü Arzusu” partiyasını gözdən salmaq, ictimaiyyəti müxalifət partiyalarını dəstəkləməyə məcbur etməkdir:

“Qərb tərəfindən Gürcüstan rəsmilərinə və hökumətə qarşı tətbiq edilən sanksiyalara nəzər salsaq, burada söhbət təkcə viza məhdudiyyəti və başqa iqtisadi məhdudlaşmalardan getmir. Söhbət bütün Gürcüstana qarşı qəbul edilən sanksiyalardan gedir. Məsələn, Aİ tərəfindən 121 milyon avronun dondurulması, buna qədər ABŞ tərəfindən 30 milyon dolların ictimai sektora yönəldilməsi. Avropa rəsmilərinin bu ritorikası, qərb medialarında dərc olunan yazılar – bütün bunların hamısı seçki ərəfəsində baş verir. Bu bir növ seçicilər arasında panika və qorxu hissi yaratmaq məqsədi daşıyır. Bu “Gürcü arzusu”nu gözdən salmaq və sanksiyalarla insanlar arasında irəlidə iqtisadi vəziyyətin pisləşəcəyinə dair düşüncələr yaratmaq məqsədi daşıyır. Mən düşünürəm ki, bu məqsədyönlü atılan addımdır və bununla müxalifət üçün fürsətlər yaradılır”.

Ekspertin sözlərinə görə, Gürcüstanda akkreditə olunmuş Qərb diplomatik nümayəndəlikləri də bu prosesdə fəal iştirak edir, Gürcüstanın daxili siyasətində rol oynamağa çalışırlar:

“Gürcüstanda akkreditə olunmuş bəzi səfirlərdən eşitdiyimiz açıqlamalar diplomatik qaydalara ziddir. Qərb artıq Gürcüstanda hakimiyyətdə kimləri görmək istədiyini gizlətmir və açıq-aydın bəlli edir. Qərb bəyan edir ki, əgər “Gürcü Arzusu” hakimiyyətdə qalarsa Gürcüstanın Avropaya yolu bağlanacaq. Başqa ölkələrin rəsmilərinin və nümayəndələrinin Gürcüstan vətəndaşlarına kimə səs vermələrini deməsi ölkəmizin daxili işlərinə birbaşa müdaxilədir, buna başqa ad vermək olmaz. Onlar müxalifət bu seçkilərdə məğlub olarsa nəticələrin saxtalaşdırıldığını elan edəcəklər. Bununla müxalifətə nəticələrə etiraz etmək üçün öz dəstəkçilərini küçələrə çıxartmaq və ölkədə inqilab vəziyyət yaradıla bilər. Ancaq burada mühüm məsələ var, əgər ATƏT seçkilərin hüquqi baxımdan azad və dinc şəraitdə keçirildiyini bəyan edərsə müxalifətin keçirəcəyi aksiyalar legitimliyini itirəcək. Beynəlxalq müşahidəçilərin nəticələrlə bağlı qiymətləndirmələri çox mühüm rol oynayacaq. Yenə də mən hansı qiymətləndirmə olacağından asılı olmayaraq müxalifətin küçələrə çıxacağını düşünürəm”.

Zaal Andcaparidze seçkilərlə bağlı aparılan rəy sorğularının müxtəlif tərəflərin maraqlarını əks etdirdiyi üçün çox da etibarlı olmadığını, lakin ümumi müşahidələrin hakim partiyaya dəstəyin daha çox olduğunu vurğulayıb:

“Aparılan sosial araşdırmalara bir o qədər güvənmirəm, çünki, bu araşdırmalar müəyyən şəxslərin maraqları çərçivəsində aparılır. Ancaq ümumi nəzər yetirdikdə, seçkilərdə “Gürcü Arzusu”nun ciddi fərqlə parlamentdə çoxluq əldə edəcəyini görmək olur. Bundan irəli gələrək əgər “Gürcü Arzusu” çoxluğu əldə edərək 4-cü dəfə hakimiyyət gələrsə Qərb məcbur qalaraq xalq tərəfindən seçilmiş hakimiyyətlə əməkdaşlıq etməli olacaq. Ancaq bu əməkdaşlıq necə olacaq, hansı səviyyədə olacaq əvvəlcədən proqnozlaşdırmaq çətindir. Geosiyasi kontekstdən irəli gələrək regionda baş verənlərə nəzər yetirdikdə, Qərb Gürcüstanla münasibətləri qoruyacaq. Əgər müxalifət qalib gələrsə biz gərgin siyasi xaosa girmiş olacağıq, ona görə ki, ola bilsin siyasi partiyalar koalisiya hökumətinin yaradılması üçün danışıqlarda razılaşa bilməsinlər. Burada Prezident Salome Zurabişvili faktoru da var. O, texniki hökumətin yaradılmasından danışır və müxalifət bu yöndə razılaşa bilmir. Ona görə də düşünürəm ki, əgər müxalifət qalib gələrsə ölkəmizdə çətin və keşməkeşli bir dövr başlayacaq”.

Chosen
3
2
xalqcebhesi.az

3Sources