EN

Zəngilan əməliyyatı hərb tariximizin şanlı səhifələrindən biridir - deputat

Zəngilan

Bakı, 20 oktyabr, AZƏRTAC

“Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından biri də Zəngilan rayonunun erməni silahlılarından tam təmizlənərək azad edilməsi oldu. Cəbrayılın azad edilməsindən sonra Zəngilana yolu açılan ordumuzun yüksək peşəkarlıqla həyata keçirdiyi əməliyyat nəticəsində Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi tam nəzarətimizə keçdi. Xüsusilə də Sərhəd Qoşunlarımızın Arazboyu istiqamətində apardığı uğurlu döyüşlərdən sonra cənub sərhədimiz düşməndən təmizləndi. Dövlət sərhədi nəzarətə götürülməklə Ermənistana gətirilən hərbi yüklərin qarşısı alındı.

Oktyabrın 20-də Prezident İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan şəhərinin işğaldan azad olunduğunu elan etdi. Zəngilan döyüşləri nəticəsində rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Zəngilan əməliyyatı hərb tariximizin şanlı səhifələrindən biridir”.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva söyləyib.

Deputat tarixi hadisələrə nəzər salaraq deyib ki, XIX əsrdə Rusiya imperiyasının ərazilərimizi işğal etməsindən sonra Gəncə quberniyasının Zəngəzur qəzasına aid edilmiş Zəngilana ermənilər hər zaman göz dikiblər: “1920-ci il 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasının qərb hissəsini işğal etdilər. Qərb və cənubdan Azərbaycanın tarixi torpaqları ilə həmsərhəd olan Zəngilan strateji coğrafi əhəmiyyətə malikdir. Ona görə də ermənilər hər zaman bu yerə göz dikiblər. Onlar öz çirkin niyyətlərini 1993-cü il oktyabrın 29-da Zəngilanı 67 gün tam mühasirədə saxlayaraq işğal etməklə həyata keçirdilər. O zaman zəngilanlılar son anadək vuruşdular, ümumilikdə 235 nəfər şəhid oldu və itkin düşdü. 27 illik işğal dövründə ermənilər tərəfindən tamamilə dağıdılan rayonun təbii ehtiyatları talanaraq xarici ölkələrə daşındı. Bununla belə, 27 il yurd həsrəti ilə yaşayan zəngilanlılar torpaqlarının azad ediləcəyinə inamlarını heç vaxt itirmədilər. Ordumuz Zəngilanın azad edilməsi üçün dünya hərb tarixində yeniliyə imza atdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində “Üç nöqtə” əməliyyatı müsbət effektini göstərdi. Bir gün öncədən ərazinin havadan kəşfiyyatı aparıldı, vacib məlumatlar toplandı. Növbəti gün gecə saatlarında kiçik çevik qruplar tərəfindən sızma əməliyyatı icra olunaraq düşmənə sarsıdıcı zərbələr endirildi və onlar geri qaçmağa məcbur oldular. Zərbə PUA-ları vasitəsilə düşmən dərinliklərindəki artilleriya qurğuları, yaxınlaşmaqda olan texnika məhv edildi. Bu cür düşünülmüş hərbi plan sayəsində ordumuz az itki ilə yüksək nəticə əldə etdi. Ağbənd qəsəbəsinin işğaldan azad olunması və Azərbaycanın Dövlət Bayrağının əraziyə sancılması hər birimizi qürurlandırdı. Cənubda - Arazboyu ərazilərdə yaşayan soydaşlarımızın qələbəmizi alqışlaması, dəstək şüarları səsləndirməsi tarixi yaddaşımızı təzələdi, həmrəyliyimizi gücləndirdi”.

Deputat bildirib ki, Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Zəngilanın azad olunmasına görə” medalı Müzəffər Ali Baş Komandanın döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçularımıza böyük diqqətinin təsdiqidir. Prezidentin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 20 oktyabr Zəngilan Şəhəri Günü kimi müəyyən olundu: “Təsadüfi deyil ki, bərpa-quruculuq işləri çərçivəsində ilk pilot layihə məhz Zəngilanda icra edildi. Ağalı kəndində 200 evdən ibarət gözəl kənd salındı. Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Zəngilan şəhərinin sakinləri 2025-ci ildən də tez doğma yurdlarında məskunlaşa biləcəklər.

Zəngilanı Naxçıvanla cəmi 40 kilometrlik məsafə ayırır. Horadiz-Zəngilan-Ağbənd dəmir yolu bizi Naxçıvana birləşdirəcək. Mühüm nəqliyyat qovşağında yerləşən Zəngilanda Beynəlxalq Hava Limanının inşası da olduqca əhəmiyyətlidir”.

M.Vəliyeva əlavə edib ki, strateji qovşaqda yerləşən Zəngilan həm də iqtisadi baxımdan Azərbaycanın ən inkişaf etmiş rayonlarından olacaq: “Aparılan bərpa-quruculuq işləri, yatırılan investisiyalar, təqdim olunan planlar bizə deməyə imkan verir ki, Zəngilan yaxın illərdə həm də regionun ən vacib iqtisadi, nəqliyyat qovşaqlarından biri olacaq”.

Chosen
22
33
azertag.az

10Sources