EN

Bakıdakı “TeamGym” üzrə Avropa çempionatında növbəti mükafatçılar bəlli olub

Bakı, 19 oktyabr, AZƏRTAC

Bakıda ilk dəfə keçirilən “TeamGym” üzrə 15-ci Avropa çempionatında növbəti mükafatçılar bəlli olub.

AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən turnirin sonuncu - dördüncü günündə ilk olaraq qadın gimnastlardan ibarət 6 kollektiv “TeamGym” xalçası, akrobatika cığırı və trampet (minibatut) üzərində mübarizə aparıblar.

Üç proqramın cəminə əsasən, 53.850 xal toplayan İslandiya millisi qızıl medala sahib çıxıb. İsveç yığması 53.400 xalla gümüş, Norveç komandası isə 49.450 xalla bürünc mükafata yiyələnib.

Danimarka (48.750), Böyük Britaniya (47.400) və Finlandiya (45.850) kollektivləri isə müvafiq olaraq dördüncü, beşinci və altıncı yerləri tutublar.

Ardınca qaliblərin mükafatlandırma mərasimi baş tutub. Tədbirdə ilk üç yeri tutan komandalara medal və hədiyyələr təqdim olunub.

Bu gün, həmçinin kişi gimnastlar və qarışıq komandalar final mərhələsində çıxış edəcəklər.

Qeyd edək ki, 14 ölkədən 268-i böyüklər və 230-u yeniyetmələr olmaqla, ümumilikdə 498 idmançının iştirak etdiyi turnirə bu gün yekun vurulacaq.

Chosen
20
2
azertag.az

8Sources