EN

Tahir İmanov: "Məmurlar bizi cəzalandırdılar..."

Əməkdar artist Tahir İmanov Yutubda yayımlanan "Hərşeyşünas" verilişində maraqlı açıqlamalar verib.

Teleqraf.com xəbər verir ki, sənətçi Rusiyada yaşayan azərbaycanəsilli iş adamı Araz Ağalarovun KVN-ə dəstəyindən danışıb: “O vaxt bizə dövlət dəstəyi, demək olar ki, sıfır dərəcəsində idi. Oyunda ən böyük yardımı azərbaycanəsilli rusiyalı iş adamı Araz Ağalarovdan gördük. Bu haqda Anar Məmmədxanlı çox danışıb. 1992-93-cü illər çox çətin vaxtlar idi. Həmin zamanlar Azərbaycanda xaos, yiyəsizlik hökm sürürdü.

Mən yarışa gedəndə sinif rəhbərim dedi ki, birdən Moskvada nəsə bir çətinlik olsa, bu nömrəyə zəng edərsən. Mənə kağız parçası verdi. Qayıdıb dedim ki, Cəmilə xanım, mənim nə kimi problemim olacaq, biz komanda ilə gedirik.

Sonra təsəvvür edin, iş o yerə gəlib çıxdı ki, Anar Məmmədxanlı bir gün komandanı yığıb dedi: "Bizim artıq hoteldə qalmağa imkanımız yoxdur. Kimin tanışı var?" Mən də dedim ki, yola düşməzdən əvvəl belə bir əhvalat baş verib. Sinif rəhbərim bu kağız parçasını verib, istəyirsən, zəng et.

Anar telefon köşkündən Araz Ağalarova zəng etdi. O da bizi qəbul elədi. Onun dəstəyi ilə həmin hoteldə də qaldıq, yeməyimizi də yedik, məşqlər üçün icarəyə götürdüyümüz zalın da pulunu ödədik və qalib gəldik. 17-23 yaşlı gənclər Azərbaycanı təmsil edərək ilk dəfə incəsənət xadimləri arasında üçrəngli bayrağımızı ucaltdı. Bundan sonra “Молодёжь Азербайджана” (“Azərbaycan gəncliyi”) qəzeti bizim ünvanımıza xoşagəlməz sözlər yazdı. Sizcə, biz o vaxt necə ola bilərdik? Anar bizə zəng vurub dedi ki, fikir verməyin. “İt hürər, karvan keçər” atalar sözünü birinci dəfə onda eşitdim”.

Qadağalardan söz açan Tahir İmanov bir zamanlar silahdaşları olan həmkarları ilə bağlı sualları cavabsız qoyub: “Bizə qadağa qoyan məmurlar, hazırda vəzifə sahibi deyillər. Yenə də Allah onların canını sağ etsin.

1995-ci ildə biz dövlətin dəstəyi ilə çıxış etməyə başladıq. Beynəlxalq KVN arenasında ilk komandayıq ki, ölkə başçısı tərəfindən dəstəklənmişik. Həm maddi, həm də mənəvi. Ona görə bizə paxıllıq edirdilər. O dövrdə bu cür cəsarətli zarafat etmək, səhnəciklər göstərmək, dövlət xadimlərini parodiya etmək, Milli Məclis səhnəsini göstərmək hər kollektivin işi deyildi. Nə bizdən qabaq, nə də bizdən sonra bunu edən oldu...

1996-cı ildə Heydər Əliyevin iştirak etdiyi Milli Məclis səhnəciyini göstərdik. Mən desəm ki, bu böyük bir partlayış idi, az olar. Bu, Azərbaycan yumor-satira tarixində bir inqilab idi. İndi mənə bunu desələr, bəlkə çəkinərdim. Heydər Əliyevdən çox böyük dəstək aldıq. Onun bizə bir ifadəsi oldu ki, mən sizinləyəm, heç kim sizə heç bir söz deyə bilməz. Bunu eşidən digər məmurlar bunu harasa qeyd etdilər. 18 il onlar bu anı gözlədilər və gördülər ki, KVN yiyəsiz qalıb, bunlara o vaxta görə cəzasını verək. Biz də cəzamızı aldıq. Onlar elə bildilər ki, bu, cəzadı, amma bizə görə bu, bir sınaq idi”.


Müəllif: Teleqraf.com
Chosen
5
12
teleqraf.com

10Sources