EN

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - FOTO - VİDEO - YENİLƏNİB

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, iclasdan öncə nazirlər birgə foto çəkdiriblər. Əvvəl nazirlər mətbuatın iştirakı olmadan məhdud tərkibdə görüşüblər.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov məhdud tərkibdə keçirilən iclasda çıxış edib. Nazir çıxışında Azərbaycanın MDB çərçivəsində iqtisadiyyat, ticarət, nəqliyyat-kommunikasiyalar, süni intellekt, humanitar, gənclər və s. istiqamətlər üzrə əməkdaşlığa baxışı, habelə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi barədə məlumat verib.

Ölkəmizin “Birliyin mədəniyyət paytaxtı” təşəbbüsünə xüsusi önəm verdiyi, bu istiqamətdə növbəti il üçün Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan olunması haqqında dövlət başçıları tərəfindən qəbul edilməsi nəzərdə tutulan qərarın bu il də mədəniyyət sahəsində birgə genişmiqyaslı layihə və tədbirlərin təşkilinə imkan verəcəyi qeyd olunub.

Ölkəmizin COP29 sədrliyi barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov, tərəfimizdən aparılan danışıqlar prosesi və görülən hazırlıq işlərinin qlobal iqlim fəaliyyətinə mühüm töhfə olması məqsədilə genişmiqyaslı sədrlik fəaliyyəti apardığımızı diqqətə çatdırıb.

Daha sonra isə Birlik ölkələri xarici işlər nazirləri şurasının plenar iclası baş tutub.

Plenar iclasda MDB ölkələrinin xarici siyasət idarələrinin rəhbərləri Birlik çərçivəsində əməkdaşlığın perspektivlərini, o cümlədən iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, çağırışlara və təhdidlərə qarşı mübarizə məsələlərini, gündəmdə olan beynəlxalq və regional məsələlərin həllini, humanitar təmasların genişləndirilməsini müzakirə ediblər.
Eyni zamanda nazirlər İkinci Dünya müharibəsində Qələbənin 80 illiyinə hazırlıq məsələlərinə xüsusi diqqət yetiriblər.

İclasda MDB XİN başçıları Şurasının növbəti iclasının gələn ilin aprel ayında Qazaxıstan paytaxtı Astanada keçirilməsi qərara alınıb.

***

12:57

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, iclasa Rusiya tərəfi sədrlik edir.

İclasdan öncə nazirlər birgə foto çəkdiriblər. Daha sonra MDB ölkələri XİN başçılarının mətbuatın iştirakı olmadan məhdud tərkibdə iclası başlayıb.

Bakı vaxtı ilə saat 14-də Birlik ölkələri Xarici İşlər Nazirləri şurasının plenar iclasının keçirilməsi planlaşdırılır. İclasdan sonra Rusiya xarici işlər naziri Sergey Lavrov və MDB-nin baş katibi Sergey Lebedevin birgə mətbuat konfransı keçiriləcək.

Rusiya tərəfi Xarici İşlər Nazirləri Şurasının iclasında müzakirə olunacaq məsələləri də açıqlayıb. Bildirilib ki, Birlik ölkələrinin xarici siyasət idarələrinin rəhbərləri Rusiyanın 2024-cü ildə təşkilatda sədrliyi çərçivəsində görülən birgə işlərə yekun vuracaqlar. MDB çərçivəsində əməkdaşlığın perspektivlərini, o cümlədən iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, çağırışlara və təhdidlərə qarşı mübarizə məsələlərini, gündəmdə olan beynəlxalq və regional məsələlərin həllini, humanitar təmasların genişləndirilməsini müzakirə edəcəklər.

Eyni zamanda nazirlərin İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 80 illiyinə hazırlıq məsələlərinə xüsusi diqqət yetirəcəyi qeyd olunub.

Qeyd edək ki, oktyabrın 7-8-də Rusiya paytaxtında MDB dövlət başçılarının da sammiti keçiriləcək.

Moskvada
Chosen
6
2
apa.az

10Sources