Futbol üzrə Azərbaycanın millisinin mərkəz müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” klubunun heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2024/2025 mövsümünün 8-ci turu çərçivəsində bu gün “Skenderbeu” ilə qarşılaşıb.
“Eqnatiya” səfərdə baş tutan bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Əliyev bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, 30-cu dəqiqədə sarı vərəqə də alıb.
Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna bu ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 11 oyuna çıxıb.
Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi əsas millimizdə debüt şansı qazanmayıb.
“Eqnatiya” 2023/2024 mövsümündə Albaniya çempionu olub. Ötən mövsümün əvvəlində bu klub daha bir azərbaycanlı futbolçunu – Vüsal İsgəndərlini heyətinə qatsa da, o, qış fasiləsində Türkiyənin “Boluspor” komandasına keçmişdi.
Albaniyada legioneri həyatı yaşayan digər azərbaycanlı futbolçu – Amil Yunanovun komandası “Bilis” də bu gün növbəti matçına çıxıb. Sözügedən komanda səfərdə “Partizani” ilə üz-üzə gəlib və 0:1 hesabıyla uduzub. Amil bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
Xatırladaq ki, Yunanov “Bilis”ə bu yaxınlarda azad agent kimi qoşulub. O, sözügedən komandanın heyətində hələlik cəmi 1 oyun keçirib, fərqlənə bilməyib.
“Eqnatiya” 8 turdan sonra 14 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatında 2-ci pillədə qərarlaşıb. Yarış cədvəlinə 15 xalı olan “Partizani” rəhbərlik edir. “Bilis” isə 5 xalla 9-cudur.