AZ

Zamiq Əliyevin yoxluğunda “Eqnatiya” xal itirdi

Azərbaycanın U-21 millisinin sabiq müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda ölkə çempionatının 2024/2025 mövsümünün 3-cü turu çərçivəsində “Torino” ilə qarşılaşıb.

“Eqnatiya” səfərdə baş tutan bu oyundan 1:1 hesablı heç-heçə ilə ayrılıb. Futbolçumuzun komandası 16-cı dəqiqədə hesabı açsa da, 49-cu dəqiqədə bu üstünlüyü əldən verib.

Əliyev bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Eqnatiya” 3 turdan sonra 7 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatında vahid liderdir.

Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna bu yay “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 6 oyuna çıxıb.

Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi əsas millimizdə debüt şansı qazanmayıb.

“Eqnatiya” 2023/2024 mövsümündə Albaniya çempionu olub. Ötən mövsümün əvvəlində bu klub daha bir azərbaycanlı futbolçunu – Vüsal İsgəndərlini heyətinə qatsa da, o, qış fasiləsində Türkiyənin “Boluspor” komandasına keçmişdi.

Seçilən
36
4
arena.az

8Mənbələr