EN

Azərbaycanın inventarına daxil olunacaq "JF-17": Türkiyə əsas rol oynaya bilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Pakistan-Çin birgə istehsalı olan "JF-17" döyüş təyyarəsinin ən güclüsü olan "Block III" versiyası Azərbaycana yollanır".
Bu barədə Oxu.Az TRT Haber-də dərc olunan yazıya istinadən xəbər verir.
Eyni zamanda, türkiyəli müdafiə sənayesi üzrə tədqiqatçı Ahmet Alemdar da məsələ ilə bağlı nəşrə açıqlamalar verib.
Yazıda bildirilir ki, Azərbaycanın inventarına daxil olunacaq bu təyyarə Türkiyə üçün də çox əhəmiyyətli bir qapı aça bilər. Mütəxəssislər bu qənaətdədirlər ki, "JF-17"lərə əlavə olunacaq Türkiyə istehsalı sursatlar Ankara-Bakı-İslamabad üçbucağında yeni və kritik dövrün başlanğıcı ola bilər.
Qeyd edilir ki, bu yaxınlarda Azərbaycanda müdafiə sənayesi üzrə mühüm sərgi keçirilib.
"Hər nə qədər mətbuatda bu tədbir türk şirkətləri və imza atdıqları uğurlu işlər baxımından işıqlandırılsa da, əslində nəzərdən qaçırılmaması lazım olan başqa bir kritik məsələ də var.
Azərbaycan Prezidenti İlham Əliyev tədbir zamanı Azərbaycanın Pakistandan sifariş etdiyi "JF-17 Block III" döyüş təyyarəsini də yaxından nəzərdən keçirib. Bu təyyarənin yaxın zamanlarda Azərbaycan inventarına daxil olacağı artıq məlum idi. Bu gün bizim üzərində dayanacağımız məsələ bu təyyarələrə Türkiyənin öz imkanları ilə inkişaf etdirdiyi sistem və sursatların əlavə edilməsi ehtimalıdır.
Ehtimal deyirik, çünki hələlik bununla bağlı rəsmi açıqlama yoxdur. Lakin həm "Block II", həm də "Block III"də istifadə edilən Türkiyə sistemləri ilə bağlı verilən siqnallar diqqətdən kənarda qalmamalıdır", - deyə yazıda bildirilib.
Bəs Pakistan və Çinin birgə istehsal etdiyi və tezliklə Azərbaycanın istifadəsində olacaq döyüş təyyarəsi Türkiyə üçün nə ifadə edir?
A.Alemdarın sözlərinə görə, "JF-17" döyüş təyyarəsi Pakistan və Çin arasında əməkdaşlıq nəticəsində ərsəyə gəlib və Pakistan Hərbi Hava Qüvvələrinin müasir döyüş təyyarələrindən təşkil olunan donanmasının istismarındadır. "JF-17" layihəsi 2000-ci illərin əvvəllərinə təsadüf etsə də, proses zamanı əhəmiyyətli təkmilləşdirmələr aparılıb və bu gün ən son məhsul olan "Block III" səviyyəsinə çatdırılıb.
Bu təyyarələr xüsusilə Afrika, Yaxın Şərq və Cənubi Asiyada keçirilən tenderlərdə sərfəli bir alternativ olaraq fərqlənib. Lakin məlum olduğu kimi, son illər Çin mənşəli məhsullara qarşı qlobal miqyasda müqavimət var. Layihənin ən mühüm zəif nöqtələrindən biri də budur. Ancaq bu hal təyyarəni inkişaf etməkdə olan ölkələr üçün uyğun həll yolu olmaq imtiyazından məhrum etmir.
Ahmet Alemdarın fikrincə, bunun bir çox səbəbi var. Belə ki, "JF-17 Block III" seriyadakı ən əhəmiyyətli təkmilləşdirmələrə malikdir. Başlıca üstünlüklərdən biri də AESA radarıdır ki, bu da "hava-hava" tipli döyüşlərdə hədəfi aşkarlama və izləmə qabiliyyətini ciddi şəkildə artırıb.
"Bundan əlavə, "Block III" "PL-15" kimi daha təkmil uzunmənzilli "hava-hava" tipli raketlərdən istifadə edə bilir. Pilotların vəziyyət haqqında məlumatlılığının artırılmasını təmin edən tam rəqəmsal kokpitə və daha təkmil avionika sistemlərinə malikdir, elektron müharibə imkanları ilə də seçilən bir təyyarədir. Qeyd etməliyik ki, "Block III"də əvvəlki modellərə nisbətən daha güclü mühərrikdən istifadə edilib", - deyə tədqiqatçı nəzərə çatdırıb.
"Pakistan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq hamıya məlumdur. Təbii ki, "JF-17" döyüş təyyarələri üçün Türkiyənin hazırladığı sursatların inteqrasiyası maraq doğurur. Bu məqamda ilk növbədə bunu qeyd etmək lazımdır ki, bu, hərbi olduğu qədər, həm də siyasi bir qərardır. Bu səbəbdən Ahmet Alemdar hələlik yalnız bir çərçivə cızır və fikirlərini hər hansı bir şərh olmayacağı təmənnası ilə ifadə edir", - deyə yazıda vurğulanıb.
Məlumata görə, "JF-17" döyüş təyyarəsinin əvvəlki versiyalarında ASELSAN imzalı ASELPOD hədəfləmə podundan istifadə olunur. "Gökdoğan" və "Bozdoğan" "hava-hava" tipli raketlərinin inteqrasiyası gündəmdədir.
Ahmet Alemdar ona diqqət çəkir ki, Azərbaycan "JF-17 Block III" alacağı təqdirdə, həm özünün istehsal etdiyi, həm də inventarında olan sursatın inteqrasiyasını istəməsi olduqca normaldır.
"Məsələn, ROKETSAN ilə birgə təkmilləşdirmə və istehsal layihəsi sayəsində ortaya çıxacaq "ağıllı" sursatları inteqrasiya etmək istəyə bilərlər. Həmçinin tədarük etdikləri ÇAKIR, TEBER və hətta SOM kimi sursatları inteqrasiya edərək əməliyyat imkanlarını artıra bilərlər.
Bu kontekstdə həyata keçiriləcək inteqrasiyalar Türkiyənin təkcə Azərbaycana deyil, həm də "JF-17" istifadəçilərinə sursat və alt sistemlər ixracına yol aça bilər. Düşünürəm ki, bu vəziyyət Pakistanın da xeyrinə ola bilər. Çünki bu yolla onlar da NATO standartlarına uyğun sursatları öz təyyarələrində görə biləcəklər.
Bu günə qədər "JF-17"lərə əlavə edilən Türkiyə sistemlərini nəzərə alsaq, Çinin yenə oxşar yolu tutacağını və etiraz etməyəcəyini düşünmək olar. Fikrimcə və əldə etdiyim məlumata görə, Çin Azərbaycanın "JF-17"lərində Türkiyə sursatlarının istifadəsi ilə bağlı işlərə qarşı çıxmayacaq. Azərbaycanın "JF-17 Block III" təyyarələrində Türkiyə-Azərbaycan istehsalı olan döyüş sursatlarından istifadə mümkün olacaq.
Bütün bunları nəzərə alsaq, Türkiyə-Azərbaycan-Pakistan xəttində son dərəcə güclü bir birlik görünür. Bu da təkcə dinc dövründə deyil, müharibə dövründə də keçərli olacağına bənzəyir. Üç ölkənin bu sahədə birliyini daha yaxından izləməyə dəyər", - deyə Ahmet Alemdar əlavə edib.
Chosen
16
50
oxu.az

10Sources