EN

Azərbaycan Kənd Qadınları Assosiasiyasında maraqlı görüş - FOTOLAR

Cənubi Afrika – Esvatini Krallığı Fermer Qadınlar Fondunun İcraçı Direktoru Sonia Paiva və Esvatini Sənaye Kommersiya Nazirliyinin əməkdaşı Sebile Amanda Nhlabatsi Bakıda Azərbaycan Kənd Qadınları Assosiasiyasının İdarə Heyəti ilə görüş keçirib. 

Esvatini Krallığında Fermer qadınların inkişaf ehtiyacları, 2010-cu ildən bəri ölkədə fəaliyyət göstərən ilk və yeganə qadın təşkilatı olan Fermer Qadınlar Fondunun yaranma çətinlikləri və fəaliyyəti barədə məlumat verən qonaqlar Azərbaycanda kollektiv qadın aqro biznesləri və Qadın Kooperativlərinin fəaliyyəti ilə maraqlanıb. 

Esvatini krallığında əhalinin 70% -inin kənd təsərrüfatı ərazilərində yaşamasına baxmayaraq qadınların və gənclərin təsərrüfat işlərində kifayət qədər maraqlı olmaması və bu səbəbdən öz narahatlığını ifadə edən xanım Sonia Paiva daima axtarışda olduğunu və uğurlu inkişaf mexanizmlərinin öz ölkəsində tətbiqi üçün həmişə təşəbbüskar olduğunu bildirib. 

Azərbaycan Kənd Qadınları Assosiasiyasının Sədri Gülbəniz Qənbərova 2018-ci ildən bəri ölkədə tətbiq olunan Qadın Özünə-kömək Qrupu modeli, aqrar sahədə kollektiv qadın bizneslərinin uğurları, fermer qadınların Qadın Kooperativləri vasitəsi ilə təşkilatlanması, kollektiv təsərrüfatlarda birgə çalışıb daha çox istehsal edən, daha çox satan və daha çox gəlir əldə edən fermer qadınlar haqqında məlumat verərək Esvatini fermer qadınlarını qarşılqlı təcrübələrdən faydalanmağa çağırıb. 

Assosiasiya Sədri bildirib ki, rəqəmsallaşan kənd təsərrüfatının inkişafı ilə ayaqlaşmaq üçün fermer qadınların rəqəmsal bacarıqları artırılmalıdır və bu üzdən 2021 –ci ildən ölkədə “Kənd Qadınlarının Rəqəmsal Gücləndirilməsi” Kampaniyasına başlanılıb və bu platformada iştirak edən fermer və sahibkar qadınların elektron ticarətə çıxış imkanları genişlənib.

Esvatini Krallığının işgüzar xanımları Azərbaycan Kənd Qadınları Assosiasiyası ilə əməkdaşlıqda maraqlı olduqlarını, kollektiv qadın biznesləri və fermer qadınların rəqəmsal inkişafı ilə bağlı təcrübələrdən yararlanmaq üçün mübadilə mexanizmləri hazırlayıb qarşı tərəfə təqdim edəcəklərini bildiriblər.  

Assosiasiyanın nəşrləri olan “Pıçıltılardan səslərə...” və “Azərbaycan Regionlarından 100 Qadın DİM Lideri” kitabları qonaqlara hədiyyə edilib. 

“Cebheinfo.az”

Chosen
9
1
cebheinfo.az

2Sources