EN

"Milliyə kiminsə dostudu deyə heç kim cəlb olunmur, telefonum bağlıdı"

AFFA-nın inzibati binasında millimizin baş məşqçisi Fernando Santuşun mətbuat konfransı keçirilib.

"Football-plus.az" xəbər verir ki, Konfransda Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Estoniya və Slovakiya yığmalarına qarşı keçiriləcək oyunların heyətini açıqlayan portuqaliyalı mütəxəssis media nümayəndələrinin suallarını cavablandırıb.

O, qarşıdakı oyunlarda uğurlu nəticə qazanacaqlarına inandığını bildirib:

“Slovakiya ilə yenidən qarşılaşacağıq. Rəqib zəif deyil. Ancaq futbolçularıma güvənirəm. Onların daha yaxşısını bacaracaq gücdə olduqlarını bilirəm. Hər oyunda qələbə qazanmaq istəyirik, meydançaya bunun üçün çıxırıq. Komanda kimi fikirləşmək, topla daha aqressiv davranmaq lazımdır. Nələri dəyişmək, hansı addımları atmaq lazım olduğunu bilirik. Bunu bir oyun yox, gələcək üçün etmək istəyirik. Futbolçularımızın çox həvəsli olduqlarını gördüm. Bu qaydada davam etməliyik. İstəyimizə çatacağımıza inanıram”.

Baş məşqçi bütün futbolçuları diqqətdə saxladıqlarını sözlərinə əlavə edib:

“Heç kim düşünə bilməz ki, əsas heyətdəki yeri hazırdı. Futbolçular yığmaya xidmət etmək barədə düşünməlidi. Kimin oynayıb, kimin ehtiyatda qalacağına məşqçi qərar verir. Komandaya oyunçu seçimi yalnız mənə məxsusdu. Mən və köməkçilərim ölkə çempionatının, demək olar ki, bütün oyunlarını izləyirik. Ölkə xaricində çıxış edənləri isə televiziya vasitəsilə diqqətdə saxlayırıq. Milliyə kiminsə dostudu deyə heç kim cəlb olunmur. Mənim telefonum bağlıdı. Həmişə bu tərzdə işləmişəm. Bu, mənim məsuliyyətimdi. Bir şeyə əmin ola bilərsiniz ki, seçimlərimə kənar müdaxilə yoxdu, bu, mümkün deyil”.

Qeyd edək ki, millimiz oktyabrın 11-də Tallində Estoniya yığması, oktyabrın 14-də isə Bakıda Slovakiya seçməsi ilə qarşılaşacaq.
Chosen
12
football-plus.az

1Sources